AXC-nin 100 illiyinə həsr edilmiş kitabın müzakirəsi keçirilib FOTOLAR
Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabının müzakirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, kitabın ideya və “Ön söz”ünün müəllifi, elmi redaktoru Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.
SİA-nın verdiyi məlumata görə, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Sərəncamına əsasən hazırlanmış kitabın əlamətdar yubileyə dəyərli töhfə olduğunu bildirib. O deyib ki, ilk dəfə ana dilimizdə nəşr edilən diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə Cümhuriyyətin İranla siyasi əlaqələrinə dair mühüm tarixi mənbələrdən biridir.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Ceyhun Məmmədov bildirib ki, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin öyrənilməsinə və araşdırılmasına sanballı töhfədir: “Müzakirəsinə yığışdığımız kitabın ön sözündə qeyd edildiyi kimi, son illər Cümhuriyyət dövrünün araşdırılması məqsədilə əhəmiyyətli işlər görülsə də Azərbaycan Xalq Cümhuriyyətinin zəngin siyasi irsinin tam dolğunluğu ilə araşdırıldığını və öyrənildiyini söyləmək hələ tezdir. Bu baxımdan oxuculara təqdim olunan akademik Ramiz Mehdiyevin ideya və ön sözünün müəllifi və elmi redaktoru olduğu “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” kitabı həmin zəngin irsin öyrənilməsinə və araşdırılmasına sanballı töhfə sayılır. Kitab həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edir. Kitab eyni zamanda, Azərbaycan mənbəşünaslığı və tarixşünaslığı baxımdan da xüsusi əhəmiyyət kəsb edir və Azərbaycan tədqiqatçılarının işini asanlaşdırmaq onların ilkin mənbələrlə birbaşa təmasını asanlaşdırır. Kitabın digər bir üstünlüyü isə fars dilində original materialların kitabın sonunda əksini tapmasıdır”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli, Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Prezidentin İşlər İdarəsinin arxiv sənədləri şöbəsinin əməkdaşı Həcər Verdiyeva, BBMM-in aparat rəhbəri Aytən Qəhrəmanova, Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev, universitetin kafedra müdiri Anar İsgəndərov və başqaları çıxış edərək bildiriblər ki, kitab Cümhuriyyət tarixinin daha dərindən öyrənilməsinə, bununla bağlı bir çox məsələlərin araşdırılmasına ehtiyac olduğunu göstərir. Həmin dövrlə bağlı zəngin tarixi məlumatları ehtiva edən bu nəşrdə toplanmış 98 sənəd Cümhuriyyətin siyasi tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB