Siyavuş Novruzov Amnistiya aktı təşəbbüsü ilə çıxış edib

Siyavuş Novruzov Amnistiya aktı təşəbbüsü ilə çıxış edib

“Bu il AXC-nin 100 illiyidir. Bununla bağlı Ölkə başçısı tərəfindən sərəncam imzalanıb və bu səpkidə işlər gedir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin yaz sessiyasının ilk iclasında çıxışı zamanı deyib.

Bu il eyni zamanda dövlət müstəqilliyimizin qorunub saxlanmasında, üçrəngli bayrağımızın qaldırılmasında böyük rola malik olan, eləcə də Azərbaycanda hüquqi demokratik dövlət quran Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunacağını deyən S.Novruzov bildirib ki, Milli Məclisin tədbirlər planına bununla bağlı da məsələlər daxil edilməlidir.

S.Novruzov söyləyib ki, Ümummilli Liderin fəaliyyətinin əsas hissəsini ölkədə humanizm prinsiplərini bərqərar etmək təşkil edib: “Humanizm Ulu Öndərin həyat meyarı olub. Məhz 1995-ci ildən 2018-ci ilədək istər Ulu Öndərin, istərsə də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Amnistiya və Əfv fərmanları qəbul edilib. Bu müddət ərzində 63 əfv və 11 amnistiya qərarı qəbul edilib”.

Deputatın sözlərinə görə, hər bir millət vəkili amnistiya təşəbbüsü ilə çıxış edə bilər: “Bağışlamaq hüququ Allaha və Ölkə başçısına məxsusdur. O zaman builki əlamətdar hadisələri nəzərə alaraq, Ölkə başçısından bu təşəbbüsü öz üzərinə götürməyi xahiş edək. Bu, həm AXC-nin 100 illiyinə, həm də Ulu Öndərin 95 illiyinə verilən qiymət ola bilər”.

S.Novruzovun sözlərinə görə, bu amnsitiya faktı digərlərindən fərqlənməlidir: “Hesab edirəm ki, bir neçə məsələdə bu akt fərqli olmalıdır. Amnistiya aktının əhatəsi prinsip etibarı geniş olmalıdır. Bu amnistiya aktı ilk növbədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edənlərə, yaşı 60-dan yuxarı olan qadınlara, həmçinin himayəsində azyaşlı uşaqları olanlara, yaşı 70-dən yuxarı olan bütün kişlərə, radikal cərəyanlara qoşulmayan dindar şəxslərə, müxtəlif müxalifət radikal qurumların və ayrı-arı reputasiyalı beynəlxalq təşkilatların təsirinə düşüb bilmədən cinayət törədən gənclərə tətbiq oluna bilər. Bu gün ATƏT-də, NATO-da, AŞPA-da müəyyən qruplar var ki, müxtəlif bəhanələr haqqında ölkəmizin inkişafına kölgə salmağa çalışırlar. Hesab edirəm ki, amnistiya aktı bu məsələlərə də son qoya bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə