Məzahir Pənahov: “Radikal müxalifətin 135 namizədi qeydə alındığı halda, hansı təzyiqlərdən danışmaq olar?”
"ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının ilk aralıq hesabatında həm müsbət, həm də mənfi məqamlar var". Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sözügedən qurumun seçkiqabağı kampaniya ilə bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib.
Hesabatlarda seçki siyahıları, MSK-nın keçirdiyi təlim kursları, treninqlər, yaddaş kitabçaların çap olunması, ödənişsiz efir vaxtının ayrılması və müxtəlif tədbirlərlə bağlı müsbət məqamların yer aldığını söyləyən MSK sədri hesabatda ənənəvi fikirlərin də yer aldığını diqqətə çatdırıb: "Hesabatda dövlət orqanlarının hədə-qorxusu ilə bağlı deyilənlər də həqiqətə uyğun deyil. Hesab edirəm ki, əvvəlki hesabatlarda da işlədilən ənənəvi fikirlər bu hesabatda da əksini tapıb. Seçki kampaniyasına icra strukturlarının müdaxilələri ilə bağlı səslənən fikirlər ümumidir, konkretlik yoxdur. Seçki ilə bağlı məsələlərdə konkretlik olmalıdır. Bizə müraciətlər daxil olur və onlar şəffaf şəkildə araşdırılır. ATƏT-in özü də müraciətlərin araşdırılmasında iştirak edə bilər. Bununla bağlı bizə indiyədək hansısa müraciət olmayıb. Bütün beynəlxalq təşkilatlarla yanaşı ATƏT-in müşahidə missiyası ilə də əməkdaşlıqda maraqlıyıq".
MSK sədri qeyd edib ki, bu kimi məqamlar hesabatda təsadüfən əksini tapmayıb: "Hesabat hər halda müəyyən məqsədlərə xidmət edir. Mənin sözüm hesabatda yer almadığı halda proseslə əlaqəsi olmayan kimlərinsə dediyi sözlər hesabata salınıb. Ümid edirəm ki, növbəti hesabatlarında bu məsələlərə daha dərindən diqqət yetirəcəklər. Yəqin bu dəfə vaxtları az olub".
Hesabatda iqtidara və müxalifət partiyalarına fərqli imkanların yaradılması ilə bağlı səslənən fikirlərə də toxunan M.Pənahov bildirib ki, radikal müxalifət kimi hesabatda təqdim olunan "AXCP-Müsavat", "İslahat", "İnsan Naminə" və "Qarabağ" bloklarının 135-ə kimi namizədi qeydə alınıb: "Yeni Azərbaycan Partiyasının namizədlərinin sayı isə 111 nəfərdir. Bu halda fərqli imkanlardan, ayrı-seçkilikdən necə danışmaq olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB