® Fuad Muradov bütün rəqiblərini geridə qoyub

® Fuad Muradov bütün rəqiblərini geridə qoyub

Artıq 9 gündür ki, 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd olan Fuad Muradovun təbliğat-təşviqat kompaniyası davam edir. Bu müddət ərzində seçicilərlə 16 görüş keçirilib və bu tədbirlərdə 1000-dən çox insan iştirak edib. Bundan başqa görüşlərə gələ bilməyənlərlə Fuad Muradov evlərinə gedərək şəxsən görüşüb, problemləri ilə maraqlanıb. Səbailin istər Bayıl, 20-ci sahə, istərsə də Badamdar ərazisində seçicilərin böyük dəstəyini qazanan Fuad Muradov bütün rəqiblərini geridə qoyub.

Bu gün Əlibəyov qardaşları 35, Bibiheybət Mədəniyyət evində növbəti görüşlər baş tutub. Seçicilərin yüksək aktivliyi ilə keçən görüşdə əvvəlcə deputatlığa namizədin platforması təqdim olunub. Bildirilib ki, sosial, iqtisadi, təhsil və elm, səhiyyə, gənclər siyasəti və s. əhatə edir. Növbəti 5 ildə qarşıya qoyulan məsələlərlə bağlı seçicilərini məlumatlandıran deputatlığa namizəd Fuad Muradov qeyd edib ki, küçə və məhəllədaxili ərazilərin abadlaşdırılması üçün büdcədən ayırmaların artırılması, müxtəlif səbəblərdən sənədləşdirilməmiş torpaqlarda evlərin tikilməsi ilə əlaqədar olaraq problemlə üzləşən aztəminatlı insanlar üçün torpaq amnistiyasının verilməsi və ya bu problemin sadə insanların xeyrinə ən münasib həllinin tapılması, dünyanın aparıcı təhsil ocaqlarının elmi jurnallarının və populyar dərs vəsaitlərinin Azərbaycanın ali təhsil müəssisələri üçün alınması və tərcüməsinin, eləcə də elektron kitabxanaların yaradılmasının dövlət səviyyəsində təşkil edilməsi və mövcud kitabxana bazalarının gücləndirilməsi, 5 yaşına qədər uşaqlar və 65 yaşından yuxarı yaşlıların pulsuz dərmanlarla təmin edilməsi, gənclərin vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirakını təmin etmək üçün gənclərə və gənclər təşkilatlarına dövlət qayğısının artırılması onun platformasının əsas müddəalarıdır.

Bibiheybət ərazisində yaşayan seçicilər Fuad Muradovun seçildiyi 5 il müddətində daim sakinlərlə əlaqə saxladığını və onları narahat edən problemlərin həllində yardımçı olduğunu vurğulayıblar. Rayon sakini Şahin Verdiyev çıxış edərək bildirib ki, Səbail seçiciləri artıq öz seçimlərini ediblər. "Digər namizədlərə gəlincə isə onların  bir neçəsini  heç tanımırıq. Bəziləri isə bir zamanlar bu rayonda guya işlədiklərini iddia edirlər. Biz kimin necə işlədiyini yaxşı bilirik. Odur ki, biz bir daha Muradov Fuad deyirik."

Fuad Muradov bu gün həmçinin Səbail ərazisindəki "Sodrujestva" cəmiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Fuad Muradov ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələrinə eyni cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Öz seçki platformasını icma nümayəndələrinin diqqətinə çatdıran deputatlığa namizəd ona bir daha etimad göstəriləcəyi halda yenidən Səbailliləri Milli Məclisdə təmsil etmək istəyində olduğunu deyib.

İcmanın nümayəndələri ilə qarşılıqlı dialoq şəklində keçən görüşdə bir sıra problemlər namizədin diqqətinə çatdırılıb. Ümumiyyətlə keçirilən görüşlərdə bir sıra problemlər seçicilər tərəfindən qaldırılıb. Ən əsası isə pensiya, məhəllələrarası yol, işıqlandırma və s. Namizədin diqqətinə çatdırılıb. Bununla belə seçicilər ötən dəfə olduğu kimi bu seçkilərdə də Fuad Muradovu dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə