“Son 14 il ərzində 2 milyarddan çox kredit verilib” AÇIQLAMA

“Son 14 il ərzində 2 milyarddan çox kredit verilib” AÇIQLAMA

“Ümumiyyətlə, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramı 2004-cü ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılıb. O zaman yaradılan Proqramın əsas hədəflərindən biri tarazlı iqtisadi inkişafa nail olmaq, regionlarda infrastruktur problemlərini həll etmək, ümumiyyətlə isə regionları xarici investorların iqtisadi inkişafın cəlb edilə biləcəyi bir məkana çevirmək idi”. Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili ötən gün “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.

“Əgər biz ötən 14 il ərzində bir xronologiyaya fikir versək, təbii ki, iqtisadiyyatın 3,2 dəfə artması kifayət qədər böyük bir rəqəmdir. Amma regional cəhətdən baxsaq, bu gün ötən 14 il ərzində regionların özünün ümumi məhsul buraxılışı təxminən 3,6 dəfə artıb. Əgər regionlar 2003-2004-cü ildə dövlət büdcəsinə cəmi 40 milyon manat vergi ödəyirdilərsə, amma artıq regionlardan ölkə büdcəsinə 600 milyon manata yaxın vergi daxil olur. Əgər bu gün regional proqramlar qəbul olunanda qazlaşmanın səviyyəsi təxminən 50 faiz həcmində idisə, elektriklə bağlı problemlər var idisə və yollarla bağlı müəyyən çətinliklər var idisə amma artıq Azərbaycan bu gün hər bir məsələni həll edib. Azərbaycanda artıq regionlarda qazlaşmanın, elektrikləşmənin səviyyəsi kifayət qədər yüksəkdir. Yollarla bağlı bildiyiniz kimi 13 min kilometrə qədər yol çəkilib”, - deyə, millət vəkili deyib.

T.Mirkişili əlavə edib ki, bütün bunların hamısı ilə bütövlükdə Proqramın iqtisadi inkişaf və xarici investorun cəlb edilməsi üçün birinci mərhələsini bitmiş hesab etmək mümkündür: “Təbii ki, bundan sonra ikinci əsas məsələ artıq regionlarda iqtisadi aktivliyin artırılması, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması və xarici investorların cəlb olunmasıdır. Bu baxımdan baxsaq da son 14 il ərzində bunun əsası müxtəlif üsullarla qoyulub. Bu gün regionlarda 32-yə yaxın yeni təsərrüfat yaradılıb. 27-yə yaxın aqro parkın tikilməsi prosesi artıq gedir. Eləcə də kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük canlanma var. Bu gün sahibkarlığın inkişafı üçün regionda kifayət qədər güzəştli məbləğlərdə son 14 il ərzində 2 milyarddan çox kredit verilib. Ümumiyyətlə bu gün verilən kreditlərin 74 faizinə yaxını regionlara verilib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə