"Azərbaycan Prezidenti bütün konfranslarda Qarabağ məsələsinə toxunur" ŞƏRH
“Ölkəmizdə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları Azərbaycanın bugünki inkişaf səviyyəsinə gəlib çatmasına səbəb olub”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O bildirib ki, proqramdan irəli gələrək qarşıya qoyulan bütün hədəflərə çatılıb: “Bütün görülən işlər sayəsində Azərbaycan bu gün təkcə daxili hesabatlarda deyil, hətta bizə o qədər də xoş münasibət bəsləməyən beynəlxalq qurumların hesabatlarında belə qiymətləndirilir. Ölkəmizin iqtisadi inkişafı bu sənədlərdə öz əksini tapır, reytinq cədvəllərində isə gündən-günə yüksəlir. Artıq ölkəmizin inkişafını bizə dost olanlarla yanaşı, olmayan ölkələr də etiraf etməyə məcburdurlar. Bütün bunlar əlbəttə ki, ölkə başçısının bütün istiqamətlərdə apardığı çox uğurlu işin ürək açan nəticələridir”.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransa toxunan deputat söyləyib ki, Azərbaycan Prezidenti bütün konfranslarda olduğu kimi burada da vurğuladı ki, Azərbaycanın yalnız bir problemi var ki, o da Dağlıq Qarabağ məsələsidir: “Ölkə başçısı qeyd etdi ki, görülən işlər, atılan addımlar sayəsində biz güclü dövlət, güclü ordu ilə torplaqlarımızı işğaldan azad edəcəyik. Dövlət başçısı konfransda qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması məsələsinə toxunaraq söylədi ki, onların mənzil və işlə təminatı məsələsində kifayət qədər işlər görülür və bu işlər bundan sonra da davam etdiriləcək. Lakin bu istiqamətdə ən ali məqsədimiz qaçqınların öz evlərinə qayıtmasıdır ki, bu da torplaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmini nəticəsində həll olunacaq”.
E.Məmmədov qeyd edib ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ məsələsinə təkcə daxildə keçirilən konfranslarda deyil, çıxış etdiyi bütün beynəlxalq tribunalarda toxunaraq söyləyir ki, ölkəmiz problemi beynəlxalq hüquq normalarına əsasən həll etməyə üstünlük verir: “Ölkə başçısı bu günlərdə Davos Forumunda da bu məsələni vurğuladı. Bildiyiniz kimi həm beynəlxalq hüququnun normalarında, həm də BMT nizamnamələrində qeyd olunur ki, əgər bir ölkəyə təcavüz edilibsə, onun ərazi bütövlüyü pozulubsa və ya o dövlətin ərazisində qeyri-qanuni silahlı birləşmələr, terrorçu qruplar kök salıbsa, o zaman həmin dövlət beynəlxalq hüquqa əsaslanaraq, özünün ərazi bütövlüyünü təmin edə bilər. Belə ki ölkəmiz beynəlxalq hüququn maddələrinə əsaslanaraq öz ərazisini terrorçu qruplaşmalardan təmizləmək üçün hərbi gücdən istifadə etmək hüququna malikdir. Lakin ölkə başçısının da konfransda söylədiyi kimi biz müharibənin alovlanmasını istəmirik. Ancaq torpaqlarımızı işğaldan azad etmək üçün başda BMT olmaqla, digər beynəlxalq qurumlar işğalçını cəzalandırmadan bir növ ona ilhamlandıran mövqe tutduqlarına görə biz son anda hərbi gücə əl atıb torpaqlarımızı işğaldan azad etməyə məcbur olacağıq. Bu, bizim haqqımız hüququmuzdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB