Ombudsmanın təşəbbüsü ilə Uşaq hüquqları aylığı elan olunub

Ombudsmanın təşəbbüsü ilə Uşaq hüquqları aylığı elan olunub

Məlum olduğu kimi, 20 noyabr 1989-cu il tarixdə BMT-nin Uşaq Hüquqları Konvensiyası qəbul olunmuş və ölkəmiz bu mühüm sənədi ratifikasiya etmiş, respublikamızda uşaq hüquqlarının müdafiəsi və təmin olunması istiqamətində davamlı islahatların həyata keçirilməsinə başlanıb.

Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən adı çəkilən konvensiyanın qəbul edilməsinin növbəti ildönümü ərəfəsində ötən illərdə olduğu kimi, bu il də 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda Uşaq hüquqları aylığı keçirmək təşəbbüsü irəli sürülüb.

Bu aylığın keçirilməsinin əsas məqsədi uşaqların hüquqlarının, o cümlədən təhsil, sağlamlıq hüquqlarının müdafiəsinə, sosial problemlərinə, onların yolverilməz əməyə cəlb edilməsinə, HİV/AİDS və narkomaniya ilə mübarizəyə, müharibədən ziyan çəkmiş, qaçqın və məcburi köçkün, xüsusi qayğıya ehtiyaclı, valideyn himayəsindən məhrum olmuş, eyni zamanda qanunla ziddiyyətdə olan uşaqların mövcud çətinliklərinin aşkar edilməsi və aradan qaldırılmasına dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyətinin, icmaların, habelə nüfuzlu beynəlxalq təşkilatların diqqətini cəlb etmək və bu istiqamətdə müvafiq tədbirlər görməkdən ibarətdir.

Bu aylıq ərzində ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə Ombudsman Aparatının, o cümlədən Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən dəyirmi masaların, treninq-seminarların keçirilməsi, Təhsil Nazirliyinin köməyi ilə orta və ali məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirlərinin, sərgilərin təşkili planlaşdırılır.

Uşaq hüquqları aylığı çərçivəsində müvafiq tədbirlərin həyata keçirilməsi nə nəticəsi barədə məlumatların Ombudsmana göndərilməsi ilə bağlı aidiyyəti qurumlara Müvəkkil tərəfindən məktub ünvanlanıb. Aylığın nəticələrinin təhlili əsasında müvafiq təkliflər səlahiyyətli orqanlara göndəriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə