Bakıda Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu işə başlayıb

Bakıda Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu işə başlayıb

Bu gün Bakıda Beynəlxalq münasibətlər üzrə alimlərin birinci illik simpoziumu işə başlayıb. SİA-nın xəbərinə görə, simpozium Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Azərbaycan Dillər, Qafqaz və Xəzər universitetləri, Londonun Münaqişələr və Dövlət Quruculuğu üzrə Məlumat Şəbəkəsi, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti və "İRƏLİ" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri açan AŞPA-nın keçmiş prezidenti Peter Şider çıxışında Cənubi Qafqaz regiounun inkişaf rentabelliyinin artığını bildirib. Onun sözlərinə görə, Cənubi Qafqaz Avropa, Asiya və bütün dünya üçün enerji, tranzit və təhlükəsizlik baxımından vacib bir regiondur: "Xüsusilə Azərbaycan bu regionda inkişaf baxımından daha irəlidə gedir. Baxmayaraq ki, Dağlıq Qarabağ probleminin tam həll olunmayıb Azərbaycan yüksək sosial və iqtisadi inkişafa nail olub".

 

Bu cür konfransların vacibliyini vurğulayan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında Azərbaycanın müstəqillik əldə edəndən sonra əldə etdiyi uğurlardan danışıb. Nazir Bakı-Tiflis- Ceyhan neft kəmərinin vacibliyini vurğulayaraq deyib ki, enerji sazişləri imzalandıqdan sonra Azərbaycana böyük investisiyalar cəlb olunub: "Bu, ölkə üçün çox böyük imkanlar yaradıb, yaxın illərdə Azərbaycan çox yüksək səviyyədə inkişaf edib".

 

Enerji vəsaitlərinin hesabına ümumi daxili məhsulun həcmində 3-4 dəfə artımın qeydə alındığını qeyd edən nazir inkişafın qeyri-neft sektorunun potensialının artamsına imkan yaradacığını söyləyib. Nazir eyni zamanda 2012-ci də Bakı-Tifllis-Qars dəmir yolu layihəsinin tikintisinin başa çatacağını və bu yolun Avropa ilə Asiyanı birləşdirəcəyini simpozium iştirakçılarını nəzərinə çatdırıb.

 

Xatırladaq ki, iki gün dava edəcək simpoziumun əsas məqsədi regional əməkdaşlığı və şəbəkələşməni artırmaq, Azərbaycanda və regionda yetişməkdə olan və regional siyasətə, iqtisadiyyata və beynəlxalq münasibətlər sahəsinə marağı olan alimlərin şəbəkəsini daha da inkişaf etdirməkdir. Tədbirdə 150-dən çox xarici və yerli iştirakçı təmsil olunacaq. Hər il keçirilməsi planlaşdırılan simpozium gələcəkdə həm operativ, həm akademik əməkdaşlıq üçün platforma rolunu oynayacaq.

 

Simpoziumda iştirak edəcək alimlərin "Regional kontekstdə qlobal problemlər", "Regional təhlükəsizliyə aid problemlər - konfliktlər və konflikt sonrası inkişaf", "Cənubi Qafqazda artmaqda olan iqtisadi tendensiyalar - regionda informasiya texnologiyalarının və enerji siyasətinin inkişafı", "Cənubi Qafqazda din və kimlik", "Cənubi Qafqazda xarici siyasət: strategiyalar və seçimlər" mövzularında araşdırma məqalələri kitab şəklində çap ediləcək və dünyanın bütün elm və beyin mərkəzlərinə göndəriləcək. Konfransın təşkilatçıları tərəfindən yaradılan "online" forumda simpozium iştirakçıları müzakirələri davam etdirə biləcəklər.

 

Simpoziumun sonunda Bakı bəyannaməsinin qəbul olunacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə