Parlamentdə viza həyacanı yaşandı

Parlamentdə viza həyacanı yaşandı
Xarici ölkə vətəndaşları üçün tətbiq edilən yeni viza qaydaları İsraildəki Azərbaycan yəhudilərinin ölkəyə gəlişində ciddi problem yaradır. SİA-nın verdiyi xəbərə görə, bu sözləri Milli Məclisin üzvü Yevda Abramov Parlamentin bugünkü iclasında çıxışı zamanı qeyd edib. O bildirib ki, İsraildə qarışıq nikahda olan azərbaycanlılar da ölkəyə gələrkən problemlərlə üzləşirlər. Yevda Abramov qeyd edib ki, problemin həlli üçün ya Azərbaycan İsraildə səfirlik açmalı, ya da İsraildə yerləşən Azərbaycana dost ölkələrin səfirliklərində konsulluq şöbəsinə müvafiq təlimatlar verilməlidir: "Oktyabrın 7-də Azərbaycana hüzr yerinə gələn bir ailənin altı üzvü ölkəyə buraxılmayıb. Azərbaycanın İsraildə səfirliyi yoxdur, Türkiyənin də İsraillə münasibətləri soyuduğu üçün Türkiyə resurslarından istifadə etmək olmur. Viza rejimi dəyişdiriləndən sonra İsraildəki azərbaycanlı yəhudilər ölkəyə gələndə ciddi problemlə üzləşirlər. Problemin həlli üçün addım atılmalıdır, mən xarici işlər nazirinin müavini Vaqif Sadıqovla görüşsəm də, ondan müvafiq cavab ala bilmədim".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələnin hazırda araşdırıldığını, yaxın günlərdə müvafiq addım atılacağını bildirib: "Lakin hər bir şəxsin borcudur ki, getdiyi ölkənin qanunlarına əməl etsin".

Deputat Pənah Hüseyn yeni viza qaydalarının Azərbaycana dost ölkələrə şamil edilməməsini təklif edib: "Çünki yeni qaydalar təkcə İsrail yox, bir çox ölkələrdə yaşayan Azərbaycan diasporunun təmsilçilərinə də ciddi problemlər yaradır".

Bütün xəbərlər Facebook səhifəmizdə