Elmar Məmmədyarov: “ATƏT-in qiymətləndirmə missiyasının hesabatı hələ hazır deyil”
"ATƏT-in Astanada keçiriləcək sammitində hansısa sənədin - "yol xəritəsi"nin imzalanması barədə söhbət getmir". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, rəsmi Bakı Astanada keçirilməsi nəzərdə tutlan sammitdə Dağlıq Qarabağ münaqişəsində hansısa irəliləyiş əldə olunmansına ümidvardır: "Amma hələlik hansısa sənəd üzərində işləməyə başlamamışıq. Format hələ müzakirə olunur. Dəqiq məlumat yoxdur. Bununla bağlı bir neçə təklif var, o cümlədən "3+2" və s. formatlar barədə təkliflər irəli sürülüb".
E. Məmmədyarov eyni zamanda qeyd edib ki, bu ayın sonuna kimi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə də təklif irəli sürülüb: "Amma bu haqda hələlik dəqiq məlumat yoxdur. Bu məsələ yaxın günlərdə dəqiqləşəcək. İndi hər şey Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərlə bağlı həmsədrlərin hazırlayacağı hesabatdan, onların atacağı addımlardan asılıdır".
ATƏT-in Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərə səfər edən qiymətləndirmə missiyasının hesabatına gəlincə nazir ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə bununla bağlı danışdığını və diplomatın ona daxili hesabat üzərində işin davam etməsi barədə məlumat verdiyini deyib.
Nazir onu da əlavə edib ki, 2005-ci ildə işğal altında olan Azərbaycan ərazilərinə səfər edən qiymətləndirmə missiyası Dağlıq Qarabağ ətrafındakı bütün rayonlara səfər etməyiblər: "Bu dəfə isə missiya bütün rayonlara, o cümlədən Kəlbəcərə səfər edib. Biz hazırlanacaq hesabatın ədalətli olacağını gözləyirik. Bütün beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu əraziləri işğal olunan ərazilər sayır. Münaqişənin həlli üçün ilkin mərhələdə torpaqlar işğaldan azad olunmalı, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB