Elmar Məmmədyarov: “Danışıqlar prosesində fəallıq ötən illə müqayisədə zəifdir” - AÇIQLAMA
"Dağlıq Qarabağ münaqişəsi təkcə münaqişəyə cəlb olunmuş ölkələrin deyil, bütün bölgənin inkişafına mane olur və regionda sabitlik və təhlükəsizliyə təhdid yaradır". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Beynəlxalq münasibətlər üzrə alimlərin I illik Simpoziumunda çıxışında deyib. Danışıqların gedişinə toxunan nazir qeyd edib ki, hazırda danışıqlar prosesində fəallıq ötən illə müqayisədə zəifdir: "Təəssüf ki, erməni tərəfinin mövqeyi hələ də qeyri-müəyyəndir. Onlar həmsədrlərin təkliflərinə nə hə, nə də yox deyirlər".
E.Məmmədyarov erməni tərəfinin mövqeyinin millətlərin öz müqəddəratını təyinetmə prinsipinə əsaslandığını, Azərbaycanın da bu prinsipi qəbul etdiyini bildirib: "Azərbaycan millətlərin öz müqəddəratını təyinetmə prinsipini ATƏT-in Helsinki Yekun Aktının prinsiplərindən biri kimi qəbul edir. Lakin torpaqlar işğal edilirsə, ölkənin ərazi bütövlüyü pozulursa, biz bunu qeyri-mümkün hesab edirik. Öz müqəddəratını təyinetmədən danışarkən erməni tərəfi önəmli bir məqamı da nəzərdən qaçırır – yalnız erməni icması öz müqəddəratını təyin edə bilməz, buna iki icma bərabər qərar verməlidir. Dağlıq Qarabağın müqəddəratına azərbaycanlı və erməni icması birgə qərar verməlidir".
Nazir Azərbaycanın kompromis kimi Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verməyə hazır olduğunu və beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb: "Məsələn BMT-nin, Avropa Şurasının qətnamələrini və Avropa Parlamentinin son qətnaməsi. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB