“Ermənilər öz “tələlərinə düşüblər” ŞƏRH

“Ermənilər öz “tələlərinə düşüblər” ŞƏRH

“Erməni tərəfinin Azərbaycanı cəbhədə guya primitiv qaydada “silahlandırılmış” drondan istifadəsi barədə səsləndirdiyi fikirlər gülünc iddiadır. Azərbaycanın əlində daha ciddi təsirə malik, taktik və strateji sinifə aid zərbə pilotsuz uçuş aparatları olduğu halda drondan, özü də belə kortəbii və təhlükəli formada hazırlanmış bir vasitə olaraq istifadə etməsinə ehtiyac yoxdur”. Bunu SİA-ya açıqlamasında “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, erməni tərəfi iddia edir ki, 4 milyardlıq hərbi büdcəsi olan Azərbaycan dronla onların mövqelərinə guya primitiv yolla hazırlanmış stəkana yerləşdirilmiş qumbara atıb: “Xəbəri öncə “facebook”dakı hərbi səhifələrimizdə oxudum. Elə bildim zarafat edirlər. Sonra baxıram ermənilər ciddidən belə bir şey uydurublar. Erməni tərəfi hətta iddia edir ki, Azərbaycan İsrail tərəfindən kamikadze PUA-ların satışına qadağa qoyulandan sonra belə bir addımı atıb. Bunların açıqlamalarından da aydın görünür ki, ermənilərin qulaqlarında hələ də “Harop” və “Zərbə”nin səsi dolaşır. Cəbhədə getdikcə pisə doğru düşən mənəvi-psixoloji durumu düzəltmək, qorxunu aradan qaldırmaq üçün mənasız piar-propoqandaya əl atırlar.

Zərbə dronlarına gəldikdə, onu deyə bilərəm ki, Azərbaycan bu gün müxtəlif növ və müxtəlif təyinatlı həm kəşfiyyat, həm də zərbə PUA-larına malikdir. Aprel döyüşlərində bunlardan bir neçə nümunə tətbiq edilib. Ermənistan isə belə texnologiyaya sahib deyil. Bir neçə xarici ölkədən bənzər sistemlərin satın alınması üçün etdikləri müraciətlərə bildiyimiz qədər müsbət cavab ala bilməyiblər. Buna görə də Ermənistandakı bir neçə dron istehsalçısı mövcud multikopterləri İŞİD üsulu ilə qumbara və 60 mm-lik minaatan sursatlarını daşıyaraq hədəfə atan “döyüş PUA”ı halına gətiriblər. 2017-ci ildə ermənilər bu üsulla Azərbaycan Ordusunun mövqelərinə 4-dək hücum etmişlərsə də, cəmi bir halda əsgərimiz yüngül yaralanmışdır. Digər hücumlar isə nəticə verməmişdir.

2017-ci ildə cəbhə xəttində Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin 5 ədəd pilotsuz uçuş aparatı (PUA) məhv edilib, kustar üsulla hazırlanmış havadan videomüşahidə vasitəsi (zond) isə ələ keçirilib. 2015-2016-cı illərdə cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə aid 20 (2015-ci ildə 10 və 2016-cı ildə 10) pilotsuz uçuş aparatı Azərbaycan Ordusunun bölmələri tərəfindən zərərsizləşdirilib.

Multikopter sinifli PUA-ların üzərində döyüş sursatının daşınması, xüsusilə də ermənilərin iddia etdiyi kimi, stəkana yerləşdirilmiş F-1 qumbarasının aparılması məntiqsiz və təhlükəli adddımdıır. Heç bir savadlı, normal düşüncəli və təhlükəsizlik qaydalarını bilən hərbçi bunu etməz. Suriya və İraqda dəfələrlə bənzər tətbiqlər zamanı hadisələrin yaşanmasına dair onlarla fakt mövcuddur. Belə ki, multikopter sinif dron yerdən bəlli məsafəyədək vertikal şəkildə yüksəlməli və sonra hədəfə doğru uçmalıdır. Kiçik bir ehtiyatsızlıq və ya vibrasiyadan həmin sursat operatorun özünün üzərinə düşə bilir. Necə ki qeyd etdiyimiz kimi bəlli olaylar yaşanmışdır.

Düşünürəm ki, böyük ehtimalla ermənilər öz “tələlərinə düşüblər”. Lakin bunu açıb ağartmaq istəmirlər. Fikrimcə, bu Azərbaycan Ordusunun istifadəsində olan radiotexniki mübarizə sistemlərinin tətbiqi nəticəsində baş verib. Hansı ki bu sistemlər dronların rabitə kanallarını qarışdıraraq idarəetməsini ələ keçirməyə imkan verir. Məhz bu cihazların sayəsində ermənilərin dronları qumbaranı Azərbaycan Ordusunun mövqelərinə deyil, ermənilərin elə öz üzərinə salıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə