Fuad Əliyev: "Azərbaycan marketinq sahəsində regionda birinci yerdədir"

Fuad Əliyev: "Azərbaycan marketinq sahəsində regionda birinci yerdədir"
"Marketinq araşdırmaları Azərbaycanın işğal olunmuş əraziləri istisna olmaqla bütün rayonlarda aparılıb". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədr müavini Fuad Əliyev deyib. Onun sözlərinə görə, araşdırmaların əsas məqsədi bölgələrdə informasiya-kommunikasiya texnologiyalarının vəziyyətini öyrənməkdir: "Biz bu araşdırmaları ayrılıqda həm kəndlərdə, həm də şəhərlərdə aparmışıq. Əsas məqsədimiz informasiya texnologiyalarının Azərbaycandakı vəziyyətini və texnologiya vasitələrinin insanların həyatındakı yerini, əhəmiyyətini öyrənməkdir". Araşdırmalar vasitəsilə insanların texnologiya vasitələrindən nə dərəcədə istifadə etdiklərini ölçdüklərini deyən Fuad Əliyev onu da bildirib ki, nəticələr dövlət qurumları və Dövlət Statistika Komitəsi tərəfindən təsdiqlənib: "Araşdırmalarda keçirilən sorğuda internet, kompyuter və başqa texnologiya vasitələrindən ev təsərrüfatında nə dərəcədə istifadə edildiyini statistik göstəricilərlə ortaya çıxarırıq. Təbii ki, bu araşdırmalar Dövlət Statistika Komitəsi tərəfindən aparılır. Bizim vəzifəmiz isə sadəcə alternativ baxışı təqdim etməkdir". Sədr müavini ölkəmizin hər sahədə olduğu kimi, bu sahədə də irəlilədiyini vurğulayıb: "Azərbaycan marketinq sahəsində çox inkişaf edib. Onu deyə bilərəm ki, Azərbaycan marketinq sahəsində regionda birinci, internetdən istifadə edilməsinə görə isə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında kifayət qədər önəmli yerdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə