Sərdar Cəlaloğlu: “Dədələrinə belə, güzəştə getməzlər” İTTİHAM

Sərdar Cəlaloğlu: “Dədələrinə belə, güzəştə getməzlər” İTTİHAM

Seçkilərə elə də çox qalmayıb və artıq müxalifət düşərgəsindən təmsil olunan bir sıra partiya rəhbərləri də bu və ya digər şəkildə hansı səviyyədə seçkilərə qatılacaqlarını zaman-zaman bəyan etməkdədirlər. Lakin bütün bunlarla yanaşı, ortada görünən əsas faktlardan biri düşərgədə birliyin olmaması, habelə bir sədrin digərini ciddiyə almayaraq, özünə rəqib deyil, potensial düşmən kimi görməsidir. Təkcə, cəbhəçilərlə müsavatçılar, ya da klassik cəbhəçilərlə liberallar və s. arasında cərəyan edən prosesləri xatırlayarsaq, deyilənlərin nə qədər həqiqətə uyğun olduğunu vurğulaya bilərik.

Misal üçün, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mətbuata verdiyi müsahibəsində seçkilərə hazırlıqla bağlı deyib ki, düşərgə təmsilçiləri olanlar, yəni özlərini siyasi səhnədə görən müxalifətçilər iş görə bilmirlər. Çünki bu düşərgədə heç vaxt birlik olmayıb, üstəlik buna cəhdlər göstərilsə də onların hər biri nəticəsiz qalıb. Daha doğrusu, hətta yeni birliyin formalaşdırılması üçün cəhdlər göstərilərsə, həmin cəhdlər boş olaraq qalacaq. Bu baxımdan, “Azərbaycanda prezident seçkiləri öncəsi hər hansı müxalifət bloku yaradıb, ona dəstək almağımız üçün nümunə, beynəlxalq imunitet yoxdur”-deyən S.Cəlaloğlu birliklərin ayaranması ehtimalının dıfıra bərabər olduğunu deyib: “Bu baxımdan düşünmürəm ki, belə bir birlik formalaşsın”.

“Azərbaycanda xarici faktorlardan ruhlanıb, nə isə iş görmək dövlətin və xalqın əleyhinədir”

ADP sədri “Milli Şura”nın və daha öncə yaradılmış siyasi müxalif qurumlarının deyilənlərə sübut olduğunu bildirib və xatırladıb ki, sədri olduğu partiya heç vaxt Əli Kərimlinin, ya da Cəmil Həsənlinin və o cümlədən, Rüstəm İbrahimbəyovun olduğu təşkilatlara dəstək göstərməyib: “Biz heç vaxt “Milli Şura”da təmsil olunmamışıq. Hesab etmişik ki, bu qurum Rusiyanın layihəsinin tərkib hissəsidir. Bu səbəbdən biz “Milli Şura”da təmsil olunmadıq və belə niyyətimiz də olmayıb”.

S.Cəlaloğlu bənzər qurumların xarici qüvvələrin əllərində bir vasitəyə çevrildiyi fikrindədir. O, hesab edir ki, dövlət və milli maraqları qorumaq və müdafiə etmək hər kəsin borcudur, bu səbəbdən, özlərini “lider” hesab edənlər bunu unutmamaıdırlar: “Bəzən daxili qüvvələr özləri bilmədən xarici qüvvələrin əlində hakimiyyətə qarşı təzyiq vasitəsinə çevrilir. Dövlət və milli maraqları nəzərə alanda, bəzən öz maraqlarımızı başqa bir şəkildə gözardı etməyi bacarmalıyıq. Hikkə ilə, “nə olursa, olsun” yanaşması ilə, yaxud xarici ölkələrdə hazırlanmış layihələri Azərbaycanda həyata keçirməklə ölkəmizə xeyir verə bilmərik. Ümumiyyətlə, ölkədaxili işlərə xarici qüvvələr qarışanda, xalqlar xoşbəxt olmaq əvəzinə daha ağır şərtlərlə bədbəxt olurlar. Azərbaycanda xarici faktorlardan ruhlanıb, nə isə iş görmək dövlətin və xalqın əleyhinədir. Necə ki, ötən seçkidə “Milli Şura” bunu etdi”.

“Xislətlərində xəyanət var”

Yeri gəlmişkən, Rusiyanın bəzi qaranlıq siyasi dairələri tərəfindən yaradılmış “Milli Şura”nın artıq həmin dairələr tərəfindən də qəbul olunmadığını deyib. Hətta “Milli Şura”nın uğursuz namizədi adını qazanmış Rüstəm İbrahimbəyovun da rədd edildiyini xatırladıb: “Rusiya Rüstəm İbrahimbəyovu vətəndaşlıqdan azad etməməklə sətiraltı mesaj verdi ki, bu qurumun erası çoxdan bitib. Sadəcə, ora toplaşanlar fürsətdən istifadə edərək onu saxladılar. Eynilə əvvəllər yaradılan “Azadlıq” bloku da bu cür oldu. Onu yaradanların hamısı oradan uzaqlaşdı. Amma bəzi qüvvələr onu uzun müddət saxlamağa cəhd etdilər. Bu nə ilə bağlıdır? Vaxtilə Azərbaycan Xalq Cəbhəsinə bir neçə partiya iddia etdi. Çünki onun əldə etdiyi naliyyətləri bu partiyalar öz adından istifadə etməyə çalışdılar. Bu təcrübə Azərbaycanda var və yalnışdır. Hər bir təşkilat, qrup, müəyyən dövr üçün effektlidir. Yəni siyasət çeviklik tələb edir. Bu baxımdan bəzi adamların qəbul etdiyi ideyaların yalnış olduğu uzaqdan görünür”.

ADP sədri bir daha əmin olduğunu deyib ki, müxalifətdə birlik, həmçinin, vahid namizədlik faktoru olmayacaq. Çünki “liderlərin” siyasi ambisiyaları, onlarda formalaşmış xəyanətkarlıq sindromları buna imkan verməyəcək: “Hesab edirəm ki, bu, mümkün olmayacaq. Birinci, subyektiv səbəblərlə bağlıdır. Bəzi liderlərin ambisiyaları var. Dədələrinə də güzəştə getməzlər. Bunu Azərbaycan tarixi dəfələrlə göstərib. Bundan başqa, bəzi adamların xislətində xəyanət var. Millətə, xalqa xəyanət ediblər. Bu adamlar birləşə bilməzlər. İkinci, obyektiv amillərdir. Əgər real olaraq ortada hakimiyyətə gəlmək şansı yoxdursa, insanların bir yerə toplaşmasının mənası yoxdur. Niyə? Çünki bir araya gələndə bu daha çox xərc, intellektual nailiyyət, psixoloji gərginlik tələb edir. Ona görə də ortada bir məqsəd yoxdursa, bu qədər ağırlığı niyə kimsə boynuna götürməlidir ki? Bu baxımdan müxalifətin bu seçkidə bir olub, vahid namizədlə iştirak etməsi az ehtimal olunan haldır”.

“Hüseyn Abdullayevə, Rəsul Quliyevə imzaları kim toplayacaq?”

S.Cəlaloğlu daha bir ilginc məsələyə toxunub. O, xarici ölkələrdə yaşayıb namizəd olacaqlarını iddia edənlərlə yanaşı, həbsdə oturub siyasətlə məşğul olanları da sərt şəkildə ittiham edib: “Biri deyir, filan işi görəcəyəm, bunu edəcəyəm. Sual verirlər ki, nə ilə? Məsələn, Hüseyin Abdullayev. Bu adam seçkidə ən azı imza toplamalıdır? Kim toplayacaq onun yerinə imzanı? Rəsul Quliyevə kim toplayacaq imzanı? Bu məsələnin texniki tərəfidir. İkincisi bu adamlar xaricdədirlər. Ölkəyə gələ bilmirlər. Vəziyyət belədir. Biri seçkidə iştirak etməklə bağlı fikir bildirən kimi tökülüşürlər üstünə ki, bu, yeganə adamdır. Yaxud birini tuturlar, o dəqiqə bəyan edirlər ki, bu, müxalifətin yeganə lideridir. Bunlar hamısı bəzi adamların siyasi səviyyəsinin aşağı olmasından qaynaqlanır. Hesab edirlər ki, İlqar Məmmədov tutulub, bu səbəbdən müxalifətin vahid lideri olacaq. Digərləri deyir ki, Əli İnsanov həbsxanadan çıxacaq, müxalifətin lideri olacaq. Müxalifətdəkilərin demək olar ki, hamısı həbsxanada olub. Onda bunların hamısı özünü lider hesab edir?! Xaricdə olmaq, həbsxanada yatmaq kiminsə lider olmasının kriteriyası ola bilməz”.

Beləliklə, S.Cəlaloğlu ittiham edərək, bu cür müxalifətin yararsız olduğunu deyib və əmin olduğunu vurğulayıb ki, qarşıdan gələn prezident seçkiləri də digər seçkilər kimi onlara uğursuzluq vəd edir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə