Hərbi ekspert: “İstəsək minanı PUA ilə deyil, elə minaatanla atarıq” AÇIQLAMA

Hərbi ekspert: “İstəsək minanı PUA ilə deyil, elə minaatanla atarıq” AÇIQLAMA

“Ermənistan tərəfi mütəmadi olaraq müxtəlif versiyalar ortaya atmaqla cəmiyyətə dezinformasiyalar yayırlar. Onlar tərəfindən sosial şəbəkələrdə, mətbuatda guya Azərbaycan tərəfi cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirib. Gəlin məntiqlə düşünək. Əgər Azərbaycan tərəfi, ordusu nəyisə edirsə o bütün etdiklərini məntiqlə edir”. Bunu SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün cəmiyyət bir şey haqqında düşünür və israrlıdır ki, torpaqlarını hansı yolla olur-olsun düşməndən azad edəcək: “Bu gün Azərbaycan torpaqları işğal altındadır və ərazi bütövlüyümüz pozulub. Axı, Azərbaycan tərəfi təmas xəttində PUA-lardan mina, qumbara atmaqla nə əldə edə bilər? Burada heç bir məntiq yoxdur. Bu gün Azərbaycan Silahlı Qüvvələri bir məqamı gözləyir ki, o da Ali Baş Komandan cənab İlham Əliyevin əmridir. Bəyəm bir dənə PUA-dan mina, qumbara atmaqla nəyəsə nail olmaq olar? Əlbəttə ki, yox. Bədnam qonşularımız bilsinlər ki, əgər biz mina atsaq onu PUA ilə deyil, elə minaatanla atarıq. Bu həm də maliyyə cəhətdən faydalı deyil. Bu gün təmas xəttində dayan ordumuz orada olan yaşayış məntəqlərinin, dinc sakinlərin təhlükəsizliyini təmin etmək tapşırığını yerinə yetirir. Təbii ki, bununla əlaqədar olaraq da öz fəaliyyətini göstərir.

Bildiyiniz kimi, gün ərzində Ermənistan tərəfindən 120-130 dəfədən çox atəşkəs rejimi pozulur. Azərbaycan ordusu isə həmin o atəş nöqtələrini susdurmaqla məşğuldur. Azərbaycan tərəfi PUA-lardan istifadə etməsə belə onun arsenalında yetərli qədər imkanları var ki, hansısa atəş nöqtələrini susdursun və düşmənin diversiya-təxribatının qarşısını alsın. Bunun üçün də bizim cəbhə bölgəsində yerləşən əsgər və zabitlərimiz öz şücaətlərini göstəriblər, göstərirlər və bundan sonra da göstərəcəklər. Ermənistanın yalan dezinformasiyalar yayması birinci növbədə özlərinə lazımdır”.

Ş.Ramaldanov əlavə edib ki, bu gün Azərbaycanda müxalifət və iqtidar Qarabağ məsələsində birləşib: “Bütün cəmiyyət Azərbaycanda bir şeydən çıxış edir ki, o da torpaqlarımız işğalçılardan azad edilməlidir. Torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına Azərbaycan imkan verməyəcək. Beləcə bizim qələbə bayrağımız bütün bərpa olunmuş yaşayış məntəqlərində dalğalanacaq. Bu sözü sıravi Azərbaycan vətəndaşı, ölkə rəhbəri cənab İlham Əliyev də deyir. Burada bir birlik var. Biz 2016-cı ilin aprel döyüşlərində də bu birliyi hiss etdik. Amma Qarabağ məsələsi Ermənistanı iki yerə parçalayıb. Bu gün Ermənistan prezidenti Serj Sarkisyan öz hakimiyyətini saxlamaq məqsədilə Qarabağı hansı yolla olur-olsun işğal altında saxlamaq istəyir və çirkin əməllərindən əl çəkmir. Ermənistanın sağlam cəmiyyəti isə artıq Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunmasını tələb edir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə