"Fərat qalxanın"dan "Zeytun budağı"na ANALİTİK

"Fərat qalxanın"dan "Zeytun budağı"na ANALİTİK

Bu məsələdə isə beynəlxalq güclərin birliyi daha vacib görünür

Artıq bir neçə gündür ki, Türkiyənin silahlı qüvvələri "Zeytun budağı" adlı hərbi əməliyyata başlamaqla, Suriyada yerləşmiş terror şəbəkəsi – PKK-nın qolları olan JPG-PYD silahlılarına və "İslam dövləti" terror təşkilatına qarşı sürəkli hücumlar reallaşdırmaqdadırlar. Öncə hava qüvvələrinin qırıcı və bombardmançı təyyarələri, eləcə də hücum helikopterləri vasitəsilə terrorçuları hədəfə alan Türkiyə hərbçiləri, bunun arınca, quru ərazidən hücuma keçərək, JPG-PYD terrorçularına ağır zərbələr endirirlər. Əslində, bu hücumları daha öncə reallaşdırılan "Fərat qalxanı" adlı hərbi əməliyyatların davamı olaraq da qiymətləndirmək olar. Belə ki, həmin ərəfələrdə də Suriya ərazisindən Türkiyəyə hücumlar edən, xüsusilə sərhəd bölgələrdə yerləşən mülki obyektləri, eləcə də vətəndaşları hədəfə almış kürd silahlılarını cəzalandıran Türkiyə ordusu bu gün də bənzər əməliyyat planını həyata keçirir. Beləliklə, "Zeytun budağı"nı "Fərat qalxanı"nın davamı olaraq da qiymətləndirmək mümkündür. Çünki hər ikisi terrorçulara qarşı aparılan mübarizənin tərkib hissəsidir.

Azərbaycan XİN: "Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir"

Qeyd edək ki, Türkiyənin bu qətiyyətini dəstəkləyən ölkələrdən birincisi elə Azərbaycan oldu. Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatını dəstəklədiyini bəyan etdi bə terrorun kökünün təmizlənməsinin vacibliyini vurğuladı.

"Azərbaycan terrorizmdən əziyyət çəkmiş dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Beynəlxalq və regional sülh və təhlükəsizliyin təmin edilməsi üçün terror təhlükəsinin kökünün kəsilməsi xüsusilə vacibdir".

Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına münasibət bildirərkən söyləyib.

H.Hacıyev deyib ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən "Zeytun budağı" əməliyyatının məqsədi Türkiyənin sərhədlərinin təhlükəsizliyini təmin etmək, bölgədəki terror təhlükəsini zərərsizləşdirmək və ərazidə yaşayan mülki insanları terror hücumları və təhdidlərindən qorunmaq məqsədi daşıyır: "Türkiyə dəfələrlə terror hücumlarına məruz qalıb və nəticədə çoxsaylı günahsız insanlar həlak olub. Azərbaycan Türkiyənin terror təhdidinə qarşı əsaslı təhlükəsizlik narahatlıqlarını tam şəkildə anlayır. Biz qardaş Türkiyə və Türkiyə xalqının bir daha heç zaman xain terror hücumlarına məruz qalmamasını arzu edir və diləyirik"

Fransanın "narahat" olma səbəbləri arxasında hansı maraqlar dayanır?

Yeri gəlmişkən, Türkiyə ordusu əməliyyatlara başlayar-başlamaz bir sıra dövlətlərin siyasi dairələri bu olaya qarşı fərqli münasibəltərini açıqladılar. Yəni müsbət yanaşanlarla yanaşı, əks-fikirlərdə olanlar da oldu. Hətta Fransa BMT-nin Təhlükəsizlik Şurasında müzakirələrin aparılmasını tələb etdi. Onu da xatırlatmaq yerinə düşərdi ki, hələ PKK terror təşkilatının lideri Abdullah Öcalan Türkiyənin xüsusi xidmət orqanları tərəfindən həbs edilərkən, İmralı adasındakı həbsxanaya yerləşdirilərkən, Türkiyəyə qarşı ən geniş masştablı etiraz dalğalarından biri Fransada reallaşmışdı. Həmçinin, unutmaq olmaz ki, Fransa qondarma erməni soyqırımını rəsmən qəbul edən, hətta bunu inkar edənlərə qarşı cəzanın tətbiq edilməsini təsdiqləyən qanunu qəəbul edən ölkələrdəndir. Bu baxımdan, Türkiyənin istrər NATO sərhədlərinin müdafiəsi, istərsə də öz ərazilərinin terrordan müdafiəsi baxımından "Zeytun budağı" əməliyyatı ilə Suriyanın Afrin bölgəsindəki terrorçuları hədəfə alması bitinci olaraq Fransanın narazılığı ilə müşahidə olundu.

Pentaqon: "Türkiyə bizimlə səmimi davranıb və bizimlə məsləhətləşmələr də aparıb"

Lakin Türkiyənin bu qətiyyətli addımını dəstəkləyənlər də oldu. Misal üçün, Rusiyanın həbri kontingenti bilavasitə Afrin bölgəsində olduğu halda, Türkiyə ilə aparılan danışıqlardan sonra qşununu oradan çıxardı.

Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov isə"Kommersant" qəzetinə açıqlamasında bu məsələdə ABŞ-I ittiham edərək bildirib ki, bu ölkənin Suriyadakı birtərəfli davranışları sonda Türkiyənin əsəblərini tarıma çəkib.

Bu arada, ABŞ-ın dövlət katibi Reks Tillerson telefonla Türkiyə və Rusiya XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrovla Suriyanın Afrin bölgəsindəki aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə edib. SİA xəbər verir ki, RİA "Novosti" bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Noyertə istinadən yazıb. Maraqlısı da budur ki, ABŞ terrorla mübarizə baxımından dəfələrlə hərbi əməliyyatlar keçirməsinə rəğmən, NATO müttəfiqi olan Türkiyənin Afrin əməliyyatından "narahat" olduğunu ifadə edib. "Suriyanın şimal-qərbindəki vəziyyət ABŞ-ı olduqca narahat edir", - H.Noyert vurğulayıb.

Digər ABŞ rəsmisi – Pentaqonun şefi Ceyms Mettis isə bildirib ki, Türkiyə əməliyyatlara başlamamışdan öncə Pentaqonu xəbərdar edib. Bu barədə "Reyter" agentliyi yazıb və amerikalı rəsmi hərbi nümayəndəsinin fikirlərini xatırladıb: "Türkiyə bizimlə səmimi davranıb və bizimlə məsləhətləşmələr də aparıb".

Türkiyə Baş Qərargahı isə rəsmi şəkildə bəyan edib ki, Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı bölgənin PKK terror təşkilatının Suriya qolu PYD-YPG, "İslam dövləti" və s. terror təşkilatlarından təmizləmək məqsədi daşıyır.

İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi: "İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir"

Son vaxtlar Türkiyə ilə münasibətlərində kifayət qədər istiləşmənin müşahidə olunduğu bir vaxtlarda İranın Türkiyədən Suriyadakı hərbi əməliyyatları dərhal dayandırmasını tələb etməsi maraq doğurub. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəhram Qasimi bildirib ki, Türkiyə Suriyanın Afrin bölgəsində başladığı hərbi əməliyyatları dərhal dayandırmalıdır.RİA "Novosti"yə görə, bu barədə Qasiminin "Tasnim" agentliyində dərc olunan məlumatında bildirilir.

"İran Suriyanın Afrin şəhərində baş verən cari hadisələri diqqətlə izləyir və əməliyyatın dərhal dayandırılacağına ümid edir", — deyə məlumatda qeyd olunur.

"Afrində böhranın davam etməsi Suriyanın şimalında təkfirçi terror qruplaşmalarının fəallaşmasına, həmçinin müharibə alovunun qızışmasına və bu ölkədə dağıntılara gətirib çıxara bilər", - deyə o əlavə edib.

Eyni zamanda, Qasimi Suriyanın ərazi bütövlüyünün qorunması və ölkənin suverenliyinə hörmət edilməsinin zəruri olduğunu qeyd edib. O həmçinin Türkiyəni Suriya böhranını siyasi yolla həll etməyə çağırıb.

Maraqlısı isə budur ki, İran daha öncə həyata keçirilən "Fərat qalxanı" əməliyyatı zamanı ürkiyəyə müəyyən dstəyini göstərmişdi. Hətta PJK-PYD-nin İran qoluna qarşı əməliyyatlar da baş tutmuşdu.

Ancaq bu kimi münasibətin açıqlanmasından sonra, Türkiyə tərəfi bəyan edib ki, "Zeytun budağı"ndan əvvəl ABŞ, Rusiya və İranla görüşlər keçirilib. Belə olan halda, narahatlığa da heç bir əsasın olmadığı görünməkdədir.

Türkiyə rəsmiləri: "Türkiyə əməliyyata başlamazdan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib"

SİA Türkiyənin "DHA" agentliyinə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ və hakim Ədalət və İnkişaf Partiyasının sədr köməkçisi Mahir Ünal Çəngəlköy Vahdəttin Sarayında Türkiyəyə ezam olunmuş xarici media nümayəndələri ilə Suriyanın Afrin şəhərində başlayan anti-terror əməliyyatları ilə bağlı görüş keçirib.

Əməliyyatın uğurla davam etdiyini deyən Bəkir Bozdağ Türkiyənin onun başlanması üçün uzun bir yol qət etdiyini bildirib: "Afrin və ya "Zeytun budağı" əməliyyatı qısa bir zaman kəsiyində ortaya çıxmayıb. İŞİD, PKK və PYD sərhəddə bizim 700-ə yaxın mövqemizə zərbələr endirib və biz onların təcavüzlərini zaman-zaman paylaşmışıq. Türkiyə əməliyyata başlamazdan öncə Rusiya, ABŞ və İranla ali səviyyədə görüşlər keçirib.

Biz nəticələrin necə olacağını onlara bildirmişik. Biz NATO-nun sərhədini qorumaqdayıq. Bu əməliyyatda NATO-nun sərhədi Türkiyədir. Türkiyə bu əməliyyatda da bütün beynəlxaq hüquq normalarına riayət edəcək. Ərazidə dinc insanların ziyan çəkməməsi üçün lazımi tədbirlər görülüb. Əməliyyatın nə zaman yekunlaşacağı və nəticələr barədə ehtimallarımız var, lakin bunu söyləmək hələ çox tezdir. Ərazidə nələrin baş verəcəyini, bizi nələrin gözlədiyini bilmirik".

Həmçinin qeyd olunub ki, "Əlbab" və "Fərat qalxanı" əməliyyatlarında olduğu kimi Afrində də, Türkiyənin məqsədi ərazini terror təşkilatlarından tamamilə təmizləməkdir: "Bir çox xarici media orqanları mahiyyətdən uzaqlaşaraq bu əməliyyatda bizim kürdləri hədəfə aldığımızı barədə düşüncə formalaşdırmaq istəyirlər. Ancaq biz bunun belə olmadığını və bölgədə yaşayan vətəndaşları qorumaq adına bütün tədbirləri gördüyümüzü bildirmək istəyirəm. Afrinin teror təşkilatlarından təmizlənməsi üçün "Zeytun budağı" əməliyyatı ilə bağlı baş verən bütün məlumatlar media ilə paylaşılacaq".

Beləliklə, fakt budur ki, Türkiyə bütövlükdə beynəlxalq terrorçuluğa qarşı mübarizə əzmini gücləndirib və görünən də budur ki, uğurlu hərbi əməliyyatları ilə demarşını davam etdirən Türkiyənin silahlı qüvvələrinin məqsədi terrorun kökünü kəsməkdir. Bu məsələdə isə beynəlxalq güclərin birliyi daha vacib görünür.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə