Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
Oktyabrın 21-də təhsil naziri Misir Mərdanov Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansurla görüşüb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, M.Mərdanov qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib. Azərbaycanın Misir Ərəb Respublikası ilə əlaqələrindən, ölkələrarası səmimi münasibətlərdən söz açan nazir təhsil sahəsində də ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini bildirib.

Nazir azərbaycanlı tələbələrin Misirin müxtəlif nüfuzlu universitetlərində, Misir Ərəb Respublikasından olan tələbələrin isə ölkəmizin ali məktəblərində təhsil aldıqlarını nəzərə çatdırıb.

Səmimi qəbul üçün təhsil nazirinə minnətdarlığını bildirən Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sabir Əbdülqadir Mansur ölkələrimiz arasındakı qarşılıqlı tələbə mübadiləsi məsələsinə toxunub, Misirdə Azərbaycanın ali məktəblərində təhsil almağa böyük maraq olduğunu vurğulayıb. Səfir ölkəsinin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrə hər cür şərait yaradıldığını deyib və Azərbaycan-Misir təhsil əlaqələrinin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq müzakirələrin təhsil sahəsindəki əməkdaşlığa yeni töhfələr verəcəyi nəzərə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə