Əli Abbasov: “Süni peyk 2013-cü ildən sonra artıq dünya bazarlarında xidmət göstərməyə başlayacaq” - AÇIQLAMA

Əli Abbasov: “Süni peyk 2013-cü ildən sonra artıq dünya bazarlarında xidmət göstərməyə başlayacaq” - AÇIQLAMA
Bu gün bizim apardığımız son statistik analizlər onu göstərir ki, Azərbaycanda artıq genişzolaqlı internet inkişaf etməkdədir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, bu rəqəmlər təxmini olaraq 12-13 % ətrafındadır. Nazirin sözlərinə görə, bu da orta ümumdünya göstəricisindən təxminən 2 dəfə çoxdur: "Lakin bu rəqəmin daha da artırılması üçün regionlarla mərkəz arasında bir çox tədbirlər görülür. Həm müəyyən qiymət siyasətində özəl şirkətlərə imkanların yaradılması, həm də Azərbaycan üzrə bütün yüksək sürətli informasiya ötürmə infrastrukturunun yaradılması istiqamətində bir neçə addımlar atılır".

Süni peykin orbitə çıxarılması ilə bağlı sualı cavablandıran Ə.Abbasov vurğulayıb ki, hazırda bu istiqamətdə işlər gedir. O söyləyib ki, artıq bir sıra raket daşıyıcısının da həll olunması üçün kontraktın imzalanması işi bitmək üzrədir.

"Hələlik planda olduğu kimi peykin orbitə çıxarılması 2012-ci ilin avqust-sentyabr-oktyabr aylarında reallaşa bilər. Düzdür, bəzən müəyyən ayları dəyişdirilir. Buna səbəb orada gedən müəyyən proseslərin planlara çox cüzi olaraq təsir etməsidir. Ancaq ən əsas plan odur ki, süni peyk 2012-ci ildə orbitə çıxarılacaq. 2013-cü ildən sonra isə artıq dünya bazarlarında xidmət göstərməyə başlayacaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə