MSK sabahdan seçki bülletenlərinin çapına başlayır

MSK sabahdan seçki bülletenlərinin çapına başlayır

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 7 Noyabr 2010-cu il tarixində keçiriləcək seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb. Müraciətlərin demək olar ki, hamısı dairə seçki komissiyalarının namizədlikdən imtinanı nəzərdə tutan qərarlarla bağlı olub. Baxılan 8 müraciətdən yalnız biri namizədə təşviqat kampaniyası aparmaq üçün normal şəraitin yaradılmaması ilə bağlı olub.

 

Baxılan müraciətlərdən 5-i əsassız hesab edilərək dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb. Müraciətlərdən birinə mübahisə predmeti aradan qalxdığı üçün xitam verilib, biri baxılmaq üçün müvafiq dairə seçki komissiyasına göndərilib. Digər bir müraciət isə təmin edilərək namizədlikdən imtina ilə bağlı dairə seçki komissiyasının qərarı ləğv edilib. Beləliklə, parlament seçkilərində qeydə alınan namizədlərin ümumi sayı 734-ə çatıb. MSK sədri Məzahir Pənahov indiyə kimi Komissiyaya 169 müraciətin daxil olduğunu bildirib. Onların 128-də dairə seçki komissiyasının qərarının qüvvədə saxlanıldığını deyən sədr 41 müraciətin müsbət cavablandırıldığını, 4-nün isə müraciət edən şəxs tərəfindən geri götürüldüyünü söyləyib.

 

M.Pənahov MSK-da indiyədək 452 beynəlxalq müşahidəçinin qeydə alındığını diqqətə çatdırıb. MSK sədri ölkə ərazisındə müşahidə aparmaq üçün 1373 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. 13000 min nəfərdən çox isə konkret seçki dairələrində müşahidə aparmaq üçün müraciət edib. M.Pənahov sabahdan seçki bülletenlərinin də çapına başlanılacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə