Ramil Həsənov Dünya Türk Forumunda məruzə ilə çıxış edib

Ramil Həsənov Dünya Türk Forumunda məruzə ilə çıxış edib
20-23 oktyabr 2010 tarixlərində İstanbulda keçirilən Dünya Türk Forumunda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. TürkPA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Forumun açılış mərasimində TürkPA Baş katibi "Beynəlxalq hüquq normalarının qorunmasında parlamentlərin rolu" adlı məruzə ilə çıxış edib. R.Həsənov çıxışında həmçinin TürkPA nın son dövrdəki fəaliyyəti, dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə yaradılmış əlaqələr və gələcək planlar barədə iştirakçılara məlumat verib.

Forumun açılış mərasimi və işində Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğan, Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi səfir Halil Akıncı, Türkiyə Prezident Administrasiyasının baş katibi Mustafa İsen və elm xadimləri, millət vəkilləri, nazirlər, dünyanın 60 ölkəsindən türk diasporlarının nümayəndələri, Türkiyədə akreditasiya olunan səfirlər, beynəlxalq təşkilatların və Qeyri Hökümət Təşkilatlarının nümayəndələri iştirak edir.

Forum çərçivəsində "Qlobal və regional problemlərin Türk Dünyasına təsiri", "Türk Dünyasında Qeyri hökümət təşkilatı və vətəndaş cəmiyyəti", "Elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlıq" və digər mövzularda seminarlar keçirilməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə