Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı ilə bağlı hesabatı obyektivdirmi?

Sərhədsiz Reportyorlar Təşkilatının mətbuat azadlığı ilə bağlı hesabatı obyektivdirmi?

Sərhədsiz Reportyorlar Təşkilatı "Mətbuat azadlığı indeksi-2010" adlı hesabatını açıqlayıb. SİA-nın təşkilatın rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, hesabatda 178 ölkə yer alıb.

 

Keçən ilin siyahıda 175 ölkə arasında 146-cı yerdə olan Azərbaycan builki siyahıda 6 pillə geriləyərək 152-ci yerdə qərarlaşıb. Siyahıya görə, Türkiyə 138-ci yerdədir, Rusiya isə 140-cı.

 

İlk 10 yerdə Finlandiya, İslandiya, Hollandiya, Norveç, İsveç, İsveçrə, Avstriya, Yeni Zellandiya, Estoniya və İrlandiyadır. Sonuncu yerlərdə isə Laos, Ruanda, Yəmən, Çin, Sudan, Suriya, Birma, İran, Türkmənistan və Şimali Koreya qərarlaşıb. Kuba isə ilk dəfə son 10 yerə daxil olmayıb. Bu isə 14 jurnalistin və 22 hüquq müdafiəçisinin həbsdən azad olunması ilə bağlıdır. Ancaq vəziyyətin köklü şəkildə dəyişmədiyi bildirilir. Müxalifətdə olan siyasətçilərin və müstəqil jurnalistlərin senzura və cəza tədbirləri ilə hələ də üz-üzə olduğu ifadə olunur.

 

İndeks hazırlanarkən diqqət yetirilən məqamlar isə bunlardır: jurnalistlərin fiziki təzyiqlərə məruz qalıb-qalmadığı, öldürülən, nəzarətə götürülən və hədələnən jurnalistlərin sayı, dolayı şəkildə hədələr və jurnalistlərin məlumat əldə etmək imkanları, senzura, medianın idarə olunması, media üzərində olan administrativ təzyiqlər, internet azadlığı, həbs cəzaları və məhkəmə hökmlərindəki sərtliyin artması və sair. Sərhədsiz Reportyorlar Təşkilatının baş katibi Jan Fransua Juyar dünyanın bir çox yerində mətbuat azadlığı mübarizəsinin davam etdiyini söyləyib. Mətbuat azadlığı sahəsində Avropanın vəziyyətinə də diqqət çəkən baş katib Finlandiya, Hollandiya və İsveç kimi ölkələrin siyahının ilk yerlərində olduğunu, ancaq 49-cu olan İtaliya və 70-ci yerləri bölüşən Yunanıstan və Bolqarıstan kimi ölkələrin Avropanın qabaqcıl mövqeyinə kölgə saldığını vurğulayıb.

 

Yuyara görə, Avropada mətbuat azadlığının geriləməsi bu ölkələrin dünyanın digər ölkələrinə edəcəyi mətbuat azadlığı çağırışlarının təsirini azaldacaq: "Biz mətbuat azadlığını Finlandiya, İslandiya, Hollandiya, Norveç, İsveç və onların yanında olan İsveçrə ilə salamlamalıyıq. Biz həmçinin bütün dünyada insan hüquqları müdafiəçilərinə, jurnalistlərə və bloggerlərə haqq qazandırmalıyıq. Onlar cəsarətlə öz fikrini bildirmək hüquqlarını müdafiə edirlər. Onların taleyi bizim daimi narahatlığımızdır. Biz mətbuat azadlığı sahəsində Çini əməli addımlar atmağa çağırırıq. Siyahıda Avropa Birliyinin bir neçə üzv dövlətini görmək bizi narahat edir. Avropa avtoritar ölkələrə nümunə olmalıdır. Onların nümunəvi statuslarının bərpa olunması üçün təcili tədbirlərə ehtiyac var".

 

Avropa Birliyinin 27 üzvünün on üçü siyahının ilk 20-liyindədir. Siyahıda İtaliya 49-cu, Rumınya 52-ci, Yunanıstan və Bolqarıstan isə 70-ci yerdədir. İlk üç yerdə olan Finlandiya, İslandiyadır və Hollandiya isə bu yerlərin daimi sakinləridir. Filippin, Ukrayna, Yunanıstan və Qırğızıstan builki indeksdə kəskin şəkildə aşağı yerlərə yuvarlanıb. Filippində bu il təxminən 30 jurnalistin ölümü, Ukraynada prezident seçkisi öncəsi mətbuat azadlığına qoyulan məhdudiyyətlər, Qırğızıstanda baş verən hadisələrin mətbuata da sirayət etməsi həmin ölkələrin mövqeyinə mənfi təsir göstərib. Keçən ilki indeks ilə müqayisədə Qabon 22, Cənubi Koreya 27, Qvineya-Bisau isə 25 pillə irəliləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə