Bu ilin III rübü ərzində ETSN-in “Qaynar xətt”inə 20 müraciət daxil olub

Bu ilin III rübü ərzində ETSN-in “Qaynar xətt”inə 20 müraciət daxil olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən "Qaynar xətt"i (439-18-63, 438-13-35) vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları barədə müraciətlər qəbul edilir.

Nazirlikdən SİA-ya verilən məlumata görə, 2010-cu ilin III rübü ərzində "Qaynar xətt"ə tullantıların qalaqlanması və yandırılması ilə bağlı 20 sayda müraciət daxil olmuş və Nazirliyin müvafiq qurumlarının əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.

Binəqədi rayonu Biləcəri qəsəbəsi 5-ci Dağlı küçəsi 2 ünvanında yaşayan A.Eyvazlı, həmin rayonun 9-cu mikrorayon A.Məmmədov küçəsində yaşayan S.Hüseynov tərəfindən məişət tullantılarının qalaqlanması və yandırılması ilə əlaqədar daxil olmuş şikayətlər yerində araşdırılmış və qeyd olunan faktlar öz təsdiqini tapmayıb.

Həmin rayonun Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi 11 ünvanında yaşayan V.Rəcəbovanın müraciətinə əsasən yerində müvafiq araşdırma aparılmış və məntəqədə iri tutuma malik 4 ədəd boş konteyner olduğu halda, bərk məişət tullantılarının sakinlər tərəfindən ətrafa atıldığı məlum olub. Aidiyyəti qurumlar adıçəkilən ünvanda təmizlik işləri aparmış və hazırda ərazi Nazirliyin mütəxəssisləri tərəfindən nəzarətə götürülüb.

Binəqədi rayonu A.Məmmədov küçəsi 119 ünvanında məişət tullantılarının yandırılması ilə əlaqədar daxil olan şikayət araşdırılmış və faktla bağlı protokol tərtib olunaraq, təqsirkar şəxslərə qarşı qanunamüvafiq tədbirlər həyata keçirilib.

Nəsimi rayonu 20 yanvar küçəsi 19 v ünvanında yaşayan A.Əliyevin şikayəti ilə əlaqədar müvafiq araşdırma aparılmış, tullantıların qalaqlanması və yandırılması faktı aşkar edilməyib. Məsələ ilə bağlı A.Əliyev Nazirliyin "Qaynar xətt"inə zəng etdiyini təkzib edib.

Sabunçu rayonu Maştağa qəsəbə sakini N.Aşurova tərəfindən məişət tullantılarının qalaqlanması barədə daxil olmuş müraciətlə bağlı şikayətçi, Zabrat və Maştağa qəsəbə icra nümayəndələri, Ramana sovxozunun direktoru, ARDNŞ-ın Sosial İnkişaf İdarəsinin Mənzil İstismar Sahəsinin rəisi ilə birgə araşdırma aparılıb. Araşdırma zamanı sözügedən ərazinin onlara məxsus olmadığı, bu sahənin Zabrat aeroportunun mühafizə zolağına aid olduğu bildirilmiş, buna baxmayaraq adıçəkilən icra nümayəndəlikləri problemin birgə aradan qaldırılması məqsədilə lazımi tədbirlərin həyata keçirilməsini öhdələrinə götürüblər. Əraziyə təkrar baxış zamanı məişət tullantılarının tamamilə təmizləndiyi müəyyən edilib.

Sabunçu rayonu Bakıxanov qəsəbəsi M.Vəkilov küçəsi 7 ünvanında yaşayan L.Cəfərovanın tullantıların vaxtında daşınmaması barədə müraciəti ilə əlaqədar şikayətçi ilə birgə müvafiq araşdırma aparılmış və məişət tullantılarının qəbulu üçün hər birinin tutumu 0,25 m3 olan 5 ədəd boş dəmir konteynerin olduğu halda, tullantıların ətrafa atıldığı müəyyən edilib. Bununla bağlı sakinlərlə təbliğat işi aparılmış və ərazi aidiyyəti qurumlar tərəfindən təmizlənib.

Sumqayıt şəhər sakini A.Əhmədov tərəfindən Sumqayıt şüşə zavodunun ətrafında tullantıların yandırılması ilə əlaqədar daxil olmuş müraciət araşdırılmış və tullantıların yandırılması faktı aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə