“Məsələlər Krakovda deyil, Moskva görüşündə aydınlaşacaq” AÇIQLAMA
“Sergey Lavrovun münaqişənin həllinin tərəflərdən asılı olduğunu söyləməsi, o deməkdir ki, Rusiya problemin həllinin ondan asılı olmadığı görüntüsünü yaratmağa çalışır”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, Rusiya münaqişə tərəflərinin qərar qəbul etməsində maraqlı olmasını göstərməklə bu qərarın onların təzyiqi altında qəbul edilmədiyi görüntüsünu yaratmaq istəyir: “Bildiyiniz kimi iki ay bundan öncə Lavrov bölgəyə səfər edərək konkret təkliflər müzakirə etmişdi. Bundan sonra həmin təkliflər Rusiyanın adı ilə bağlanırdı və bildirilirdi ki, tərəflər məhz Rusiyanın təkliflərini müzakirə edirlər. Görünür Rusiya bu məsələdə tək olmadığını, problemin ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində həllinə çalışdıqlarını göstərmək istəyir. Axı, Minsk qrupunun tərkibində Fransa və ABŞ da var. Bu baxımdan Rusiya təkliflərin onun adı ilə bağlanmasını istəmir. Ona görə də məsuliyyəti üzərindən ataraq, məsələnin guya tərəflər arasında müzakirə edildiyini göstərməyə çalışır”.
İ.Vəlizadə bildirib ki, plan Rusiyanın olmaya bilər, lakin Rusiyanın planla bağlı konkret təkliflərinin olduğu hər kəsə məlumdur: “Bildiyiniz kimi danışıqlar masasında əsasən "Kazan planı" müzakirə olunur. Rusiya isə "Kazan planı"nın yenilənmiş, problemin mərhələli həllini əks etdirən formasını formasını təklif edib. Bu təkliflər həm Azərbaycan, həm də Ermənistan tərəfindən maraqla qarşılanıb. İndi tərəflər təkliflə bağlı münasibətlərini konkretləşdirməlidirlər”.
Politoloqun fikrincə, Rusiya tərəfindən irəli sürülən təkliflə bağlı konkret məsələlər sabah Polşada XİN başçılarının iştirakı ilə keçiriləcək Krakov görüşündə deyil, bu görüşdən sonra Lavrovun da qatılacağı Moskva görüşündə müzakirə ediləcək: “Bildiyiniz kimi bu görüşün keçirilməsi ötən ildən anons edilir. Görüş yanvarın sonuna planlaşdırılsa da, Krakov görüşü önə salındığı üçün Moskva görüşü fevral ayında keçirilə bilər. Güman edirəm ki, Rusiyanın iştirakı ilə keçiriləcək Moskva görüşündə məsələlər Krakovdan fərqli olaraq daha çox aydınlaşacaq. Bu görüşdə həmsədrlərin də iştirakı istisna deyil. Çünki, Moskva görüşündə aydınlaşacaq bütün məsələlər məhz Minsk qrupu tərəfindən rəsmiləşdiriləcək. Əks halda, Rusiyanın ötən ildən məsələnin həlli ilə bağlı aktivliyi tamamlanmamış qalacaq. Bunu tamamlamaq üçün Moskva görüşü keçirilməlidir”.
İ.Vəlizadə əlavə edib ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov ötən gün Fransalı həmkarı ilə keçirilən görüşdə də sözügedən təkliflər müzakirə edilib.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü yanvarın 18-də Polşanın Krakov şəhərində keçiriləcək. Görüşdə həmçinin ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB