“Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilərlər. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın münaqişənin həlli ilə bağlı konkret planları ola bilməz: “Lakin, Rusiya, ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.
Lavrov əlavə edib ki, Azərbaycan və Rusiya arasındakı münasibətlər həm prezidentlər, həm də XİN rəhbərlərinin ən intensiv dialoquna əsaslanır: “Bu il hər iki ölkənin xarici işlər nazirlərinin qarşılıqlı səfərləri olub. Ölkələrimiz arasında hər sahədə münasibətlər inkişaf edir. Belə ki, hər il Bakıda humanitar forum keçirilir”.
Nazir həmçinin iqtisadi əlaqələrdən də danışıb: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi artır. Bundan başqa, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıqdan razıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB