“ATƏT rəsmisi gerçəklikləri öz gözü ilə görməlidir” AÇIQLAMA

“ATƏT rəsmisi gerçəklikləri öz gözü ilə görməlidir” AÇIQLAMA

“ATƏT-in media ofisinin rəhbəri Harlem Dezir bu ofisdə yenidir. Bu şəxs bizim bölgə ilə bağlı o qədər də məlumatlı deyil. Çünki o ATƏT-in media ofisinin rəhbərliyinə gələnə qədər bizim bölgə ilə işləməyib. Ümumiyyətlə, media, qeyri-hökumət təşkilatları, ifadə azadlığı ilə bağlı Azərbaycanla hər hansı əlaqəsi olmayıb. O fransalı bir diplomatdır. Təbiidir ki, onun Azərbaycanla bağlılığı olmadığına görə də bizim ölkə haqqında yetərincə məlumatlı deyil. Sadəcə olaraq bəzi beynəlxalq dairələrin, eyni zamanda da ona qədər olan ATƏT-in media azadlığının nümayəndəliyinin rəhbərliyinin fikirlərini əsas tutaraq belə iddialarla çıxış edib. Çünki bu şəxs bir dəfə də olsun Azərbaycana səfər etməyib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna verdiyi müsahibəyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Harlem Dezir ölkəmizin nə rəsmiləri, nə də qeyri-rəsmi şəxsləri ilə bizim kimi media, QHT sahəsində çalışan insanlarla ayrıca danışıqlar, görüşlər keçirməyib: “Belə bir şəraitdə onun qərəzli bəyanatlarla çıxış etməsi obyektivlikdən uzaqdır. İstərdim ki, bu şəxs əvvəlcə Azərbaycana səfər edərdi və ölkəmizin media təmsilçiləri ilə eləcə də Azərbaycan Prezident Administrasiyasının müvafiq strukturları, dövlət qurumları ilə görüşlər keçirərdi. O bundan sonra bir dəyərləndirmə ilə çıxış etməli idi. Amma göründüyü kimi Harlem Dezir bütün bunları etmədən açıqlamalar verib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da haqlı olaraq Harlem Dezirin açıqlamalarına kifayət qədər tutarlı, arqumentləşdirilmiş bir cavabla çıxış etdi. Əli Həsənov çıxışında Azərbaycandakı obyektiv gerçəkliyi dilə gətirir. Burada söhbət ondan gedir ki, Azərbaycan elə bir ölkə deyil ki, burada ifadə azadlığını boğmaq, məhdudlaşdırmaq üçün imkanlar olsun. Həm qanunvericilik bazamız, həm də ümumilikdə ölkədə dövlətin ifadə azadlığına sədaqəti buna imkan verməz. Prezidentin köməkçisi xüsusi olaraq vurğuladı ki, Azərbaycan əhalisinin 82 faizi internetə çıxışı olan əhalidir. Belə bir şəraitdə heç cür ifadə azadlığını boğmaq istəsək belə mümkün olmaz. Bax, o cür məqamları nəzərə almadan Harlem Dezir Azərbaycanla bağlı belə bir açıqlama verib. Bu fikirlərin arxasında faktlar, arqumentlər dayanmır. Ona görə də düşünürəm ki, Harlem Dezir çox qısa müddət ərzində Azərbaycan səfər edib buradakı gerçəklikləri öz gözü ilə görməli və bundan sonra dəyərləndirmə ilə çıxış etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə