"ABŞ Dövlət Departamenti bu günlərdə Azərbaycanda terror təhlükəsinin mövcud olduğunu bildirib və ölkəmizə gələcək Amerika vətəndaşlarına ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib. Təsadüfi deyil ki, eyni məzmunlu xəbərdarlıq Türkiyə ilə bağlı da edilib. Mən bunu qətiyyən təsadüfi hesab etmirəm. Düşünürəm ki, Azərbaycanla bağlı bu xəbərdarlıq son dönəmlər regionda və dünyada ABŞ-dan müstəqil, milli maraqları çərçivəsində sərbəst siyasət yürüdən Türkiyə ilə Azərbaycanın yaxınlığına görə ölkəmizə təzyiq niyyəti ilə edilib". SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında “Ağ Blok”un təsisçilərindən olan tanınmış gənc siyasətçi Tural Abbaslı deyib.

Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq isə bizim üçün strateji məsələ olaraq milli maraqlarımıza xidmət edir: "Dolayısı ilə ABŞ zənnimcə, Azərbaycana təzyiq edərək Türkiyəni Azərbaycansız qoymaq niyyətindədir. Ancaq, ABŞ artıq anlamalıdır ki, nə Türkiyə əvvəlki Türkiyədir, nə də Amerika əvvəlki deyil ki, istədiyi dövlətə istədiyi siyasəti sirişt etsin. Biz AĞ partiya olaraq ABŞ-ın Azərbaycana qarşı bu ədalətsiz və qərəzli mövqeyini qətiyyətlə pisləyir, özünü "demokratiyanın beşiyi" elan edən ölkəni ikili standartlardan əl çəkməyə səsləyirik.
Əgər, Qarabağ münaqişəsini bəhanə gətirərək Azərbaycanı terror təhlükəsi olan dövlət elan edibsə o zaman bizdən daha acınacaqlı və qeyri-sabit olan münaqişənin digər tərəfi Ermənistanı kənarda saxlamaq bu xəbərdarlığın "obyektivliyini" açıq şəkildə göstərir. Siyasi məsələni bir kənara qoyaraq nəzərə alsaq ki, son dönəmlər ölkəmizə gələn turistlərin sayı nisbətən artıb və iqtisadiyyatımızın bu qeyri-neft sektoru yavaş-yavaş formalaşır, o zaman bu " əbərdarlığın" iqtisadi baxımından da nə qədər zərərli olduğu göz önündədir. İstənilən halda ABŞ-ın bu qeyri obyektiv xəbərdarlığı Azərbaycanın milli maraqlarına ziddir. Hesab edirəm ki, milli maraqlar məsələsində heç bir iqtidar, müxalifət anlayışından söhbət gedə bilməz və getməməlidir. Digər siyasi təşkilatları da bu qərara özlərinin siyasi mövqeyini ortaya qoymağa çağırıram. Unutmayaq ki, hamımızın Azərbaycan adında bir dövlətimiz var və onun maraqları hamımızın siyasi və şəxsi maraqlarımızdan öndə olmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB