Vaan Papazyan: “Ermənistan qərar verməkdən qorxur və dərk edir ki, mövcud status-kvo əbədi ola bilməz” - FAKT

Vaan Papazyan: “Ermənistan qərar verməkdən qorxur və dərk edir ki, mövcud status-kvo əbədi ola bilməz” - FAKT

"Biz Qarabağda atəşkəsin əldə edilməsindən bu yana heç nə qazanmadıq, əksinə, çox şey itirdik". SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Levon Ter-Petrosyanın hakimiyyəti dövründə bir müddət Ermənistanın xarici işlər naziri işləmiş Vaan Papazyan deyib. 90-ci illərin əvvəlində Ermənistan tərəfdən Qarabağa dair danışıqları aparanlardan biri olan V.Papazyan hesab edir ki, bu gün münaqişənin həlli real görünmür: "Çünki Ermənistan və Azərbaycan ciddi qərarlara hazır deyillər. Azərbaycan hesab edir ki, vaxt onun xeyrinə işləyir və gözləmək lazımdır, Ermənistan isə sadəcə olaraq hansısa qərar verməkdən qorxur, eyni zamanda dərk edir ki, mövcud status-kvo əbədi ola bilməz".

 

V.Papazyan bildirib ki, atəşkəsin əldə edilməsindən bu yana keçən 16 il ərzində Azərbaycan iqtisadi baxımdan gücləndi. "Bəs Ermənistan? Biz bu müddət ərzində çox şey itirdik. Hər şeydən əvvəl əhalimizin bir hissəsini. Bu isə mühümdür"- deyə keçmiş nazir deyib.

 

Papazyan 1992-ci ildə İranın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında danışıqların getdiyi bir vaxtda Şuşanın işğal edilməsinin bu danışıqları pozmağa xidmət etdiyini də təsdiqləyib: "Mənə Ter-Petrosyanın Tehranda Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovla görüşünü təşkil etmək tapşırılmışdı. Şuşanın alınması əməliyyatı isə prezidentin İrana səfərini əngəlləməli idi. Mən Tehrana uçmazdan əvvəl Ter-Petrosyanın yanına getdim və soruşdum ki, Şuşanın alınması səfərlə eyni vaxta təsadüf edə bilərmi? O da "mümkündür" deyə cavab verdi. Sonradan məlum oldu ki, Qarabağda əməliyyatı texniki səbəblərdən bir neçə dəfə təxirə salıblar və sonda Ter-Petrosyanın Tehrana səfəri ilə eyni vaxta təsadüf edib. Təbii ki, biz onda İran tərəfini əlverişsiz vəziyyətə saldıq, mən xüsusi olaraq Tehrana uçmalı oldum və Ter-Petrosyanın Haşimi Rəfsəncaniyə izahat məktubunu çatdırdım, bunun sayəsində gərginlik qismən azaldı".

 

Ermənistanın eks xarici işlər naziri Dağlıq Qarabağın danışıqlar prosesində ayrıca tərəf kimi iştirakının dayandırılmasını Ermənistanın ciddi məğlubiyyəti sayır. Onun sözlərinə görə, Robert Köçəryan hakimiyyət başına gələndən sonra Qərbdən legitimlik qazanmaq üçün bu addımı atdı və Dağlıq Qarabağı danışıqlardan kənarda saxlamağa razılaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə