AXCP sədrinin müşavirinin və digər 4 nəfərin cinayət işi üzrə məhkəmədə vəkil şahid qismində ifadə verib

AXCP sədrinin müşavirinin və digər 4 nəfərin cinayət işi üzrə məhkəmədə vəkil şahid qismində ifadə verib

Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri olmuş Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vəkillər Kollegiyasının üzvü Mənsum Bayramov ifadə verib. O, ifadəsində Qabil Məmmədrzayevlə yaxın dost olduğunu bildirib. O, qeyd edib ki, Qabil Məmmədrzayev oğurluğu barəsində ona danışıb: "Mən onu yaxşı insan kimi tanımışam. Hadisədən əvvəl Mirzə Ağayev mənə bildirdi ki, Qabil mənim müdirimdən pul oğurlamaq istəyir. Mən də bununla bağlı bir dost kimi Qabillə danışdım və ona bildirdim ki, belə işlərə görə adamı tuta bilərlər. O isə mənə əsəbiləşdi. Mənə söylədi ki, elə bir hərəkət etmək fikrində deyil".

 

Daha sonra prosesdə təqsirləndirilən M. Ağayev zərərçəkmiş Ruqayə Məmmədovanın həyat yoldaşına 200 min ABŞ dolları ödədiyini deyib.

 

Məhkəmədə zərərçəkmiş tərəfin məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib. Məhkəmə oktyabrın 29-da davam etdiriləcək.

 

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Maskalı şəxslər evdən 200 min ABŞ dolları və qızıl- zinət əşyaları aparıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü olmuş Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb. Qabil Məmmədrzayev tanışı Racu Mehrəliyevə Ruqayə Məmmədovanın evində külli miqdarda pulun olması barədə xəbər verib. Racu Mehrəliyev və Elnur Mirzəliyev evin sahiblərini bir müddət izlədikdən sonra mənzili soymaq qərarına gəliblər. Bu zaman Racu Mehrəliyev binanın həyətində gözləyib. Mənzilə isə Hüseyn Qurbanov və Elnur Mirzəliyev daxil olub.

 

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törədənlər tutularaq istintaqa təhvil veriliblər. Onlardan 1 ədəd beşbarmaq, 7 ədəd müxtəlif çaplı patron, 1 ədəd videokamera, 4.900 dollar və 400 manat götürülüb.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə