Çin İctimai Elmlər Akademiyasının ölkəmizə gəlmiş nümayəndələri ilə görüş keçirilib

Çin İctimai Elmlər Akademiyasının ölkəmizə gəlmiş nümayəndələri ilə görüş keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunda Çin İctimai Elmlər Akademiyasının ölkəmizə gəlmiş nümayəndələri ilə görüş keçirilib. AMEA-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə institutun direktoru, iqtisad elmləri doktoru İsa Alıyev institutun yaranma tarixi və fəaliyyət istiqamətləri, qazandığı elmi nailiyyətlər, burada aparılan mühüm elmi araşdırmalar haqqında ətraflı məlumat verib. O, müstəqillik qazandıqdan sonra ölkənin iqtisadi sferada qazandığı uğurlardan və mövcud problemlərdən, beynəlxalq elmi əməkdaşlıq münasibətləri, ölkələrimiz arasındakı elmi əlaqələr və bu əlaqələrin gələcək inkişafından söhbət açıb.

Görüşdə çıxış edən Çin İEA-nın beynəlxalq əlaqələr bölməsinin baş direktoru Yanq Yanq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Çin İEA-nın tərkibində səkkiz elmi institutun fəaliyyət göstərdiyini söyləyən çinli qonaq çoxsaylı elmi tədqiqatları ilə dünyada tanınan bu akademiyanın ölkənin ictimai həyatında əhəmiyyətli rol oynadığını bildirib. O qeyd edib ki, iqtisadiyyatının inkişafına görə dünyada başlıca yerlərdən birini tutan Çin Xalq Respublikasının iqtisadi proqramının əsas elmi istiqamətləri məhz bu elm ocağında hazırlanır.

Çıxışının sonunda Y.Yanq Çin alimlərinin azərbaycanlı həmkarları ilə sıx dostluq və elmi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini, müasir elmi əlaqələrin ölkələrimiz arasında yeni münasibətlərin formalaşmasında əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə