“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə”

“Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyilə "Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə" adlı kitab işıq üzü görüb. SİA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən fondun icraçı direktoru Vüqar Tofiqli bildirib ki, kitabda seçki dövründə medianın rolu, eyni zamanda seçki ilə əlaqədar bir sıra KİV orqanlarının hazırlıq işlərinin necə aparıldığı yer alıb.

Onun sözlərinə görə, kitabda mövcud seçki qanunvericiliyində KİV-lərə aid müddəalar və onların tənzimlənməsi məsələləri geniş formada əks olunub. V. Tofiqli hesab edir ki, kitab həm jurnalistlər, həm də seçkidə iştirak edən namizədlər üçün maraqlı və lazımlı ədəbiyyatdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə dünyanın inkişaf etmiş ölkələrində medianın seçkilərdə rolu, bu sahənin qanunla tənzimlənməsi, jurnalistlərin hüquqları və digər məsələlərin kitaba daxil edildiyini qeyd edib.

Məhərrəm Zülfüqarlı təmsil etdiyi qurumun parlament seçkilərində "exit-poll" keçirməyəcəyini, yalnız məntəqələrdə müşahidə missiyasının həyata keçirəcəyini söyləyib. AVCİYA əvvəlcə seçki mühiti barədə aralıq hesabatını açıqlayacaq, seçki günü ölkə üzrə 4400 məntəqədə müşahidə missiyasını həyata keçirəcək, bir neçə gün sonra isə yekun hesabatını mediaya təqdim edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə