Müsavatın sabiq başqanı AXCP sədri Əli Kərimlinin uğursuz variantından istifadə edir
Bir müddət əvvəl AXCP sədri Əli Kərimlinin ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşmək üçün diplomatik nümayəndəliyə ayaq döyməsi və bu cəhdlərin nəticəsində 15 dəqiqəlik görüş almasına baxmayaraq, həmin görüşün nəticəsiz qalması Müsavatın sabiq başqanı, hazırda özünə “MSDM” adlı qurum yaradaraq siyasi gündəmdə qalmağa çalışan İsa Qəmbərin də başına gəldi. Məsələ ondadır ki, cəbhəçilərin sədri səfirlə görüşə can atmasına baxmayaraq, amerikalı diplomat onunla görüşmək marağında olmadığını sərgiləmişdi. Hətta keçirilən görüş yarım saat nəzərdə tutulsa da, vaxtından 15 dəqiqə əvvəl sona çatdırılmışdı. Bu barədə AXCP-dəki mənbələrdən xəbər sızmışdı və həmin xəbərə görə, R.Sekutanın daha vacib və təxirəsalınmaz görüşünün olması bəhanəsi Ə.Kərimlinin pəjmürdəliyi ilə nəticələnmişdi.
Qərb bu dəfə dağıdıcı təfəkkürlü müxalifəti rədd etdi
Bu dəfə isə bənzər olay İ.Qəmbərin başına gəlib. Müsavat daxilindən əldə etdiyimiz məlumata görə, “MSDM” sədri də AXCP sədri kimi seçkilər öncəsi müəyyən maliyyə dəstəyi almaq və öhdəliklər götürmək üçün R.Sekutanın ayağına gedib. Hətta özü tərəfindən təkliflər də irəli sürüb. Fəqət, görüşün aqibəti uğursuzluqla nəticəsini tapıb. Bununla da sübut olunub ki, artıq Qərb, radikal və dağıdıcı təfəkkürlü, hərdəmxəyal müxalifətin vədlərinə inanmır və daha proqressiv və güclü siyasi tərəflə - Azərbaycan hakimiyyəti ilə münasibətlərini əla səviyyədə qurmağı üstün tutur. Çünki öncəki seçkilər mühitində Qərb dairələri məhz bu müxalifət “liderləri” ilə müəyyən anlaşmalar etsələr də, hər iki tərəf Azərbaycan xalqının dövlətin siyasətinə nəhəng dəstəyi qarşısında uduzmuşdular. Əlbəttə, ki, belə olan halda köhnə bir atalar məsəli yada düşür – “Eşşək bir dəfə palçığa batar”.
İndi həmin bu sözdə müxalifət “liderləri” əllərinə düşən bütün imkanlardan nə qədər maksimum yararlanmağa çalışsalar da, nəticə olmur.
Radikal dini kəsim Əli Kərimlinin yaralı barmağına “tibbi yardım” edə bilmədi, İsa Qəmbəri də həmin aqibət gözləyir
Yəqin ki, çox yaxınlarda İ.Qəmbər də Ə.Kərimli kimi son anda azsaylı elektoratını dini kəsimə doğru yönəldərək, onların vasitəsiylə müxtəlif xarici dini-siyasi dairələrdən pənah ummağa başlayacaq. Belə olarsa, onda Ə.Kərimlinin qarşısına maneə, baryer kimi çıxacaq İ.Qəmbər daha ağır savaşa girişməli olacaq. Çünki radikal dini kəsimin monopoliyası hələ ki, Ə.Kərimlinin nəzarətində olan “Milli Şura”dadır. Baxmayaraq, onlar da Kərimlinin yaralı barmağına “tibbi yardım” edə bilməyiblər. İ.Qəmbər bu monopoliyanı Ə.Kərimlinin əlindən alarsa belə, onun da yaralı barmağı “tibbi yardım”sız qalmalı olacaq.
Ancaq hər şeyə rəğmən, hər zamankı kimi, AXCP-Müsavat müharibəsi alovlanacaq və 2018-ci ildə keçiriləcək prezident seçkilərinin ardınca, tərəflər bir-birlərinə vurduqları qurşaqaltı zərbələrdən nokauta düşəcəklər. Bununla da hər şey başa çatacaq.
İndi isə həm Ə.Kərimli, həm də İ.Qəmbər “yeni yollar” axtarmaqla bu və ya digər şəkildə özlərini səfirliklər qarşısında yüngülsaqqal etməklə məşğuldurlar. Əslində, onların saqqalları da heç vaxt ağır olmayıb. Lakin əsas fakt göz önündədir. Dağıdıcılar demək olar ki, dalana dirənmiş vəziyyətdədirlər və bu dalandan çıxış yolu ümumiyyətlə, görünmür.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB