Şanlı Cümhuriyyət ilimiz! KÖŞƏ YAZISI

Şanlı Cümhuriyyət ilimiz! KÖŞƏ YAZISI

Müstəqil Azərbaycanımız növbəti ilə - 2018-ə “Cümhuriyyət İli” olaraq daxil oldu. Əslində, belə bir möhtəşəm ideyanın və qərarın ölkə rəhbəri, Cənab İlham Əliyev tərəfindən verilməsi bir çoxlarını məyus etdi, deyə bilərik. Çünki bu gün xalqımızın, dövlətimizin şanlı tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin adını özünküləşdirməyə cəhd edənlər də tapılırdı. Daha doğrusu, xalqımıza məxsus olan bir şərəf tarixini mənimsəmək, onu zorla öz adına çıxarmağa çalışanlar artıq anlamağa məhkumdurlar ki, həmin tarix heç kimin şəxsinə aid ola bilməz!

Yeri gəllmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Prezident İlham Əliyevin bu qərarı ilə bağlı mətbuat vasitəsi ilə təəssüratlarını bölüşüb və xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublika olaraq adını tarixə yazdırıb. Belə ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. “Bu baxımdan 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözəl addım üçün mən Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm!”-deyə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, tanınmış ziyalımız Rais Rəsulzadə qeyd edib.

Onu da xatırlatmaq yerinə düşərdi ki, 2013-cü ili noyabrında Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi ilə bağlı Sərəncam imzalamışdı. Məhz həmin Sərəncamda da vurğulanırdı ki, 2014-cü ilin yanvar ayında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur: “Xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə tədbirlər planı həyata keçirilsin”.

Bu, ölkəmizin, xalqımızın tarixinə verilən çoxsaylı və böyük qiymətlərdən biri oldu ki, bu gün də həmin dəyər, həmin qiymət verilməkdə davam etməkdədir.

Ona görə də bu gün özlərini “Rəsulzadə ideologiyasının davamçıları” adlandıran psevdomüxalifətçilər tooplumu çıxılmaz vəziyyətdə qalaraq, əslində tariximizin ayrılmaz parçasının ayrıca olaraq onlara məxsus olmadığını dərk etməyə məhkumdurlar. Və əgər belələri həqiqətən də öz iddialarında inadkarlıq edirlərsə, bu zaman, zəhmət çəkib, ölkə başçısının verdiyi bu möhtəşəm və dəyərli qərarına görə təşəkkürlərini əxz etdirsinlər. Ancaq bilirik ki, onlar bunu etməyəcəklər. Çünki Azərbaycan xalqından fərqli olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin onlara heç bir dəxli, aidiyyatı yoxdur, olmayıb, heç olmayacaq da. Çünki belələri özlərini xəyanətləri və çirkin əməlləri ilə xalqdan təcrid ediblər.

RÖVŞƏN

Bütün xəbərlər Facebook səhifəmizdə