Və ya iki Koreyanın bir araya gəlməsi Kimin Trampa təzyiqi fonunda?
Bu günlərdə bəlli oldu ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreya arasında aparılan diplomatik danışıqlar müəyyən razılaşmalara doğru inkişaf edib. Əslində, hazırda baş verən prosesləri ötən ilin ortalarından başlayaraq, KXDR-in rəhbəri Kim Çen Inın xüsusilə ABŞ-a qarşı başlatdığı ardıcıl təzyiqlərin nəticəsi kimi də qiymətləndirmək olar. Şimallıların öz hərbi balanslarını uğurla sınaqlardan keçirdikləri ballistik raketlər vasitəsi ilə artırması, təkcə ötən il ABŞ-ın yaxın müttəfiqləri sırasında olan Yaponiya üzərindən 5 ballistik raket buraxması, eləcə də Yapon dənizi ilə Sakit Okean hövzəsini vahimədə saxlaması da həmin təzyiqlərin uğurlu nəticəsi olaraq qiymətləndirilə bilər. Halbuki, ABŞ-ın prezidenti Donald Tramp və onun administrasiyasının yüksək ranqlı məmurları demək olar ki, günaşırı şəkildə KXDR-ə barmaq silkələyir, müharibə təhdidini istisna etmirdilər. Məhz belə bir fonda KXDR rəhbərliyi ilə cənubluların eyni masa ətrafında əyləşib, müxtəlif siyasi məsələləri dialoq qismində müzakirə etmələri açıq-aydın Kim Çen Inın Donald Tramp üzərində diplomatik qələbəsi şəklində anlaşıla bilər. Lakin onu da istisna etmək olmaz ki, şimallılarla danışıqlar masasına əyləşən cənublular rəsmi Vaşinqtonun tezisləri əsasında fəaliyyətə keçiblər.
Pxenyan Olimpiya Oyunlarına tərkibində idmançılar, jurnalistlər və yüksək vəzifəli dövlət məmurlarını, eləcə də azarkeşlər qrupu göndərmək qərarını verib
Bu arada KXDR rəhbərliyi ilə Cənubi Koreya rəhbərliyi arasında aparılan danışıqlarda daha bir razılaşma əldə olunub. Belə ki, SİA-nın məlumatına görə, bu barədə cənubluların YTN telekanalı məlumat verib. Məlumata əsasən, rəsmi Pxenyanla rəsmi Seul hərbi sahədə əməkdaşlığın vacibliyindən bəhs edib. Əsas hədəf isə hələlik, sərhəddə gərginliyin azaldılması istiqaməti ilə götürülüb. Hərbi əməkdaşlıq barədə ilkin müzakirələr sərhədyanı Pxamunj yaşayış məntəqəsində aparılıb. Tərəflər o cümlədən, Pxençanda Olimpiya Oyunlarının keçirilməsi ətrafında yarana bəzi suallara da cavab tapmaqdan ötrü işgüzar danışıqlar aparmaq qərarına gəliblər. Artıq, KXDR-n Olimpiadaya yüksək ranqlı nümayəndə heyəti göndərəcəyi ilə də bağlı anlaşma əldə olunub. Bununla bağlı “Renxap” agentliyi qeyd edir ki, Pxenyan Olimpiya Oyunlarına tərkibində idmançılar, jurnalistlər və yüksək vəzifəli dövlət məmurlarını, eləcə də azarkeşlər qrupu göndərmək qərarını verib.
Rəsmi Seul isə öz növbəsində cənublularla şimallıların Oyunların açılış və bağlanış mərasimlərində birgə şəkildə addımlamaları ideyasını irəli sürüb, həmçinin, azarkeş qruplarının bir araya gələrək, KXDR və Cənubi Koreya idmançılarına birgə dəstək vermələrini təklif edib.
Yeri gəlmişkən, bütün bunların fonunda YTN televiziyası daha öncə Seul və Pxenyanın hərbi sahədə danışıqları prosesində təcili rabitə əlaqəsi istiqamətində razılaşmaya gəlmələri barədə məlumat vermişdi. Cənubi Koreyanın ölkələrin birləşməsi işi üzrə nazir müavini Çun Xe Sunun sözlərinə görə, artıq həmin rabitə xətti bu həftə istifadəyə veriləcək. Hətta Şimali Koreya tərəfi öz tərəfindən işlərini yekunlaşdırıb.
İran İslam Respublikası (İİR) ilə KXDR-in eyni baxışdan çıxış etdiklərni anlamaq elə də çətin olmaz
Maraq oyadan daha bir amil son günlər İranda baş vermiş iğtişaşlar zamanı, Şimali Koreyanın bu İslam ölkəsinin maraqlarından çıxış etməsi idi. Əgər nəzərə alsaq ki, KXDR-ə qarşı müharibə elan edəcəyini istisna etməyən ABŞ prezidenti Donald Tramp eyni motivdən İrana qarşı da istifadə edir, bu zaman iki ölkənin – İran İslam Respublikası (İİR) ilə KXDR-in eyni baxışdan çıxış etdiklərni anlamaq elə də çətin olmaz. Ümumiyyətlə, bu iki ölkə arasında bütün dövrlərdə isti münasibətlər mövcud olub və həmin münasibətlərin inkişafı ABŞ-a qarşı düşmən mövqeyində dayanmaq sferasında müşahidə olunub.
Misal üçün, hələ İranda məlum iğtişaşlar baş verməmişdən xeyli əvvəl - ötən ilin 15 oktyabr tarixində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Parlaentlərarası İttifaq Assambleyasının tədbirində çıxış edən KXDR-in nümayəndə heyətinin rəhbəri An Don Çxon demişdi ki, onun ölkəsi ilə İİR bundan sonra da əbədi olaraq dost və silah qardaşlığını davam etdirəcək. Bu barədə Rusiyanın Komsomolskaya Pravda nəşrinin saytı yazmışdı. Belə ki, Koreyalı siyasi İran parlamentinin spikeri Əli Laricaninin ABŞ-ın siyasətini, bu ölkənin İrana və Koreyaya tətbiq etdiyi sanksiyalarını sərt şəkildə tənqid edən çıxışını da alqışlayaraq, ona çoxsaylı təriflər yağdırmışdı.
Xatırladaq ki, rəsmi Tehran da öz növbəsində Trampın ötən ilin sentyabrında KXDR-i müharibə sayəsində yer üzündən siləcəyi barədə hədələrini pisləyən bəyanatla çıxış etmişdi.
KXDR ilə Cənubi Koreyanın anlaşmaları istər bu regionda, istərsə də dünyanın təhlükəsizliyi baxımından əlamətdar hadisə olaraq dəyərləndirilə bilər
Bu zaman sual yaranır: ABŞ-ın əsas müttəfiqləri sırasında yer alan Cənubi Koreya nədən, hansı səbəbdən birdən-birə KXDR-lə istim münasibətlər qurmağa başladı? Bu sualın isə cavabı elə təhlilin əvvəlindəcə verilib. Donald Trampın bu ölkəyə yönəlik təhdidləri, yaxud snaksiyaları işə yaramadı. Habelə, İİR, Rusiya kimi ABŞ-ın müxtəlif sanksiyalar tətbiq etdiyi ölkələr də Şimali Koreyanın siyasətinə müxtəlif mənalarda dəstək göstərməklə, demək olar ki, KXDR lideri Kim Çen Inın Tramp üzərindəki diplomatik qələbəsini təmin elədilər. Yəni, bu faktdır. Əgər belə olmasa idi, ABŞ rəsmi Seulun Pxenyanla isti münasibətlər qurması siyasətini əngəlləyər, hətta cənublulara təzyiqlər də göstərərdi. Ancaq göründüyü kimi, hər şey əksindədir və əslində KXDR ilə Cənubi Koreyanın anlaşmaları istər bu regionda, istərsə də dünyanın təhlükəsizliyi baxımından əlamətdar hadisə olaraq dəyərləndirilə bilər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB