Sarkisyan “iqtisadi artımdan”, Karapetyan isə “sadə həyat tərzindən” bəhs edir
Yeni 2018-ci il başlayar-başlamaz, Ermənistanda qiymətlərin sürətlə artması sadə sadə ermənilərin növbəti narazılıqları ilə müşahidə olunmaqdadır. Belə ki, Ermənistan hakimiyyətinin yüksək ranqlı məmurları Serj Sarkisyanın “7 faizlik iqtisadi artım” barədə “tezisləri” fonunda gen-bol fikirlərlə çıxış etsələr də fakt budur ki, bu “artıma” görə vətəndaşlar öz ciblərindən xərcləyəcəklər. Daha doğrusu, erməni vətəndaşı qiymət artımı fonunda və məcburi şəkildə, acından ölməmək üçün özünü bahalaşmış ərzaqla təmin etməyə məcbur olacaq.
Ermənistanda “iqtisadi artım tempi” qiymətlər artırılmaqla, xalqın cibinə girilməklə “reallaşdırılır”
Ermənistan mediası da sözügedən məsələ ilə bağlı yazır ki, qiymət artımı ötən ilin son kvartalından başlasa da, hazırkı vaxta qədər davam edir, hətta sürətli həddə doğru artır. SİA-nın məlumatına görə, Ermənistanın 1in.am saytının siyasi təhlilçisi Aram Amatuni öz şərhində qeyd edir ki, ölkənin 2017-ci illə bağlı iqtisadi göstəricisi tam olaraq başa çatdırılmayıb, halbuki hakimiyyət strukturlarında Serj Sarkisyana qədər hər kəs bəyan edir ki, guya növbəti ilin də iqtisadi göstəricisi artaraq, 6 faizi təşkil edəcək. “Demək ki, hakimiyyət buna əmindir”-deyə qeyd edən Amatuniyə görə, hakimiyyət əslində bu vasitə ilə növbəti qiymət artımlarını anons edir. Daha dəqiq desək, Ermənistanda “iqtisadi artım tempi” qiymətlər artırılmaqla, xalqın cibinə girilməklə “reallaşdırılır”.
Erməni müəllif xatırladır ki, ümumiyyətlə, Serj Sarkisyan 2013-cü ildən sehrli göstəricilərlə xalqın başını aldatmaqla məşğuldur. Bütün bunlar isə Serj Sarkisyan və baş nazir Karen Karapetyan cütlüyünün hakimiyyət uğrunda mübarizə cəhdləri hesab oluna bilər. “Belə çıxır ki, əgər Karen Karapetyan da bu kimi sehrli göstəricini təmin edirsə, demək 2018-ci ildəki yerini qaranta almağa çalışır”-deyə erməni şərhçisi yazır.
2018-ci ilin kontekstində Karapetyan ilin əsas fiqurantlarındandır
Bu arada, adıçəkilən saytın digər siyasi təhlilçisi Sarqis Artsruni öz şərhində yazır ki, 2018-ci ilin aprelində hakimiyyətin ən yüksək pilləsinə yiyələnmək üçün prezident Serj Sarkisyanla gizli savaş aparan baş nazir Karen Karapetyan yanvarın 8-dən 12-ə qədər xarici ölkədə məzuniyyətdə olacaq. Bu isə onun sözləri ilə əməlinin üst-üstə düşməməsi ilə müşahidə olunmaqdadır. SİTAT: “Cəmi bir neçə gün qabaq, ötən ilin sonunda baş nazir yeni il tətillərinin keçirilməsi ilə bağlı mövzuya toxunub. “Biz, bayramdan sonra yaxşı yaşamağımız üçün, tətillərimizi cah-cəlallı şəkildə keçirməməliyik”-deyən Karpetyanın bu ifadəsi iki səbəbə görə intriqalıdır. 2018-ci ilin kontekstində Karapetyan ilin əsas fiqurantlarındandır. Aprel artıq dağların arxasında deyil və hazırda hadisələr aylarla deyil, günlərlə, saatlarla inkişaf edir. Belə bir vəziyyətdə ölkəni 4-5 günlük tərk etməyin özü böyük cah-cəlallıq göstəricisidir, özü də hadisələrin inkişafı ictimai-siyasi sferada deyil, saray intriqaları fonunda baş verməkdədir”.
Baş nazir Ermənistanın istirahət üçün normal ölkə olmadığını necə nümayiş etdirdi?
Erməni təhlilçisinə görə, əəgər baş nazir məzuniyyətə gedirsə, bu zaman 2018-ci ildə hər hansı bir intriqanın baş vermədiyini ehtimal etmək mümkündür, ya da Karen Karapetyan hər şeyi Serj Sarkisyanın qərarlarına buraxıb, halbuki proseslər çərçivəsində belə bir informasiya yaranıb ki, hakimiyyət elitasının bayramqabağı banketində baş nazir Serj Sarkisyanla münasibətlərinin “isti” olduğunu nümayiş etdirib, hətta tost da deyib. Lakin Karen Karapetyanın məzuniyyətini xarici ölkədə keçirmək qərarını verməsi onun 2018-ci illə bağlı planları baxımından ruh yüksəkliyində olduğunu da sərgiləməkdədir”.
Müəllif yazır ki, Karapetyan bütün işçilərindən sadə həyat tərzi sürməyi, məzuniyyət hüququndan az istifadəni, məzuniyyət pullarını isə Ermənistanda, ya da “Artsaxda” (Dağlıq Qarabağda-R.N.) xərcləməyi tələb edir, ancaq öz məzuniyyətini gözlərdən uzaq – ehtimal var ki, elita arasında keçirir. SİTAT: “Karen Karapetyan dolayısı ilə etiraf edir ki, Ermənistanda nəqliyyat sistemi axsayır, qısası, Ermənistan istirahət etmək üçün ölkə deyil”.
Artsruni eyni zamanda yazır ki, turizmin inkişafını prioritet hesab edən ölkənin birinci simaları öz istirahətlərini məhz Ermənistanda keçirməlidirlər – bu nümunələriylə Ermənistanda komfortun təmin olunduğunu göstərməlidirlər. “Lakin Serj Sarkisyan və Karen Karapetyan öz məzuniyyətlərini xaricdə keçirməyi üstün tuturlar və bu da onların sözləri ilə əməllərinin kontrast olduğunu sübut edir”-erməni müəllifi yazır.
Erməni təhlilçi: “Xarici ölkələrə elit istirahətlərə yollanan hakimiyyət nümayəndələrinin Ermənistanda hər üçüncü vətəndaşın rəsmi olaraq səfalət içində yaşadığı halda buna hüquqları çatırmı?”.
Erməni müəllif bu kimi faktları sadlayaraq ortaya belə bir sual çıxarır. “Ümumiyyətlə, Karen Karapetyanın Ermənistan vətəndaşlarına “kəmərlərini sıxmaq” istiqamətində tövsiyələri və bunun əvəzində özünün hakimiyyət statusundan istifadə edərək digər hər hansı xarici ölkənin turizminin inkişafına dəstək göstərməyi hansı çərçivəyə sığır?” deyə sual edən Sarqis Artsruni daha bir sual ünvanlayır: “Xarici ölkələrə elit istirahətlərə yollanan hakimiyyət nümayəndələrinin Ermənistanda hər üçüncü vətəndaşın rəsmi olaraq səfalət içində yaşadığı halda buna hüquqları çatırmı?”.
Beləliklə, Ermənistanda cəmi üç ay sonra keçiriləcək parlament seçkiləri öncəsi istər prezident Serj Sarkiayan özünün “iqtisadi artım tempi” ilə, istərsə də baş nazir Karen Karapetyanın “sadə yaşamaq” çağırışları bir hədəfə yönəlib – hakimiyyəti əldə saxlayaraq, erməni xalqının qanını daha çox “içməyə”...
Ancaq Ermənistanda cərəyan edən son proseslər fonunda həm də belə qənaətə gəlmək olar ki, qarşıdan gələn aprel seçkiləri xalqı səfalət və aclıq içində məhv olan ölkəni daha ağır duruma doğru sürükləyəcək. Əlbəttə, sadə erməni xalqı mövcud hakimiyyətə qarşı qiyam qaldırmasa. Qiyam isə necə deyərlər, astanadadır...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB