"Türkiyə Avropa standartlarına daha da yaxınlaşıb"

"Türkiyə Avropa standartlarına daha da yaxınlaşıb"

Türkiyədə səfərdə olan Almaniya prezidenti Kristian Vulf Böyük Millət Məclisində çıxış edib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, parlamentdə çıxış edən 33-cü əcnəbi prezident olan Vulf məclisə Türkiyənin dövlət başçısı Abdullah Güllə birlikdə gəlib.

22 dəqiqəlik çıxışda Vulf daha çox Türkiyə-Almaniya əlaqələrinə diqqət çəkib. Avropada ən çox türkün Almaniyada yaşadığını, bir çox almanın da Türkiyəyə yerləşdiyini deyən prezident xüsusilə Almaniyada yaşayan türklərin inteqrasiyası məsələsinə toxunub. Vulf dialoq sayəsində müvəffəqiyyət qazana biləcəklərini söyləyib.

Türkiyədəki konstitusiya islahatlarını diqqətlə izlədiklərini deyən Almaniya prezidenti qeyd edib ki, bu addımlarla Türkiyə Avropa standartlarına daha da yaxınlaşıb. Türkiyənin şərqlə qərb arasında körpü rolu oynadığını söyləyən Almaniya prezidenti Avropa Birliyi yolunda Ankaraya dəstək verdiklərini bildirib.

Vulf çıxışını Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Yurdda sülh, dünyada sülh" sözlərini türkcə söyləməklə tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə