Deputatlığa namizəd Azay Quliyevin seçicilərlə növbəti görüşü də qələbəliklə müşayiət olunub
46 saylı Şirvan Seçki Dairəsindən namizədliyi irəli sürülmüş Azay Quliyevin seçicilərlə sayca ikinci görüşü də qələbəliklə müşayiət olunub. SİA-nın məlumatına görə, Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində təşkil olunan görüşdə qəsəbə sakinləri, ziyalıları, ağsaqqalları iştirak ediblər.
Qəsəbə sakinlərindən birinin fikri ilə desək, əgər seçkiqabağı təşviqat kampaniyası olmasaydı Azay Quliyevin son beş ildə bu qəsəbənin sakinləri ilə hədsiz sıx təmasını və deputatın qəsəbənin bütün problemlərinin həllində birbaşa iştirak etdiyini nəzərə alsaq bu görüşü deputatla növbəti görüş də adlandırmaq olardı.
"Ümumiyyətlə, Azay Quliyevin Hacıqəhrəmanlı qəsəbəsinin problemləri və sakinləri ilə yaxından tanışlığı var. 2005-ci il seçkilərindən bu günə kimi deputat bu qəsəbəyə xüsusi diqqət yönəldib", bu fikir də qəsəbə sakinlərinə məxsusdur.
Sakinlərdən biri xatırladıb ki, beş il öncə deputatlığa namizəd Azay Quliyev seçiciləri ilə görüşü zamanı "seçicilərin problemlərini öyrənib, yaxın beş ildə onun həllinə çalışacam" demiş və bu müddət ərzində sözünün üstündə duraraq Hacıqəhrəmanlı qəsəbəsinin bir sıra problemlərinin həllinin tapılmasında birbaşa iştirak edib. Xüsusən də qəsəbəyə müasir standartlara uyğun yolun çəkilməsi və qəsəbənin uzun illərdən bəri köklü problemi sayılan məişət qazının verilməsinin qaydaya salınmasını qeyd etmək olar. Qəsəbə sakinlərinin ağızdolusu sevinclə danışdıqları digər məsələ isə qəsəbə məktəbinin yenidən təmir etdirilməsi olub. Belə ki, bir qrup qəsəbə sakininin deputat Azay Quliyevə müraciəti cavabsız qalmamış və az müddət ərzində bu problem də yüksək səviyyədə həllini tapıb.
Deputatlığa namizəd Azay Quliyev seçiciləri qarşısında çıxış edib. O, bildirib ki, Hacıqəhrəmanlı qəsəbəsinin sakinləri onun üçün önəmli insan, aktiv seçici və vəfalı dostdurlar. Son beş il ərzində bu qəsəbənin problemlərinin həlli istiqamətində ciddi addımlar atılıb, yarımçıq qalmış işlər isə davam etdirilir: "Mən ötən beş ildə deputatlıq fəaliyyətimi vicdanla, səmimi həyata keçirmişəm. Bir deputatın edə biləcəyi maksimal nə varsa onu etməyə çalışmışam".
Azay Quliyev xatırladıb ki, bütün görülən işlərdə daim seçicilərin dəstəyini hiss edib, onların xeyir-duasını alıb və ən nəhayət müvafiq dövlət strukturları ilə birgə əməkdaşlıq etməklə problemlər yoluna qoyulub.
Daha sonra son beş ildə görülən işlərin xronologiyası sadalanıb. Xüsusi qeyd olunub ki, yaxın vaxtlarda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün böyük və əhəmiyyətli bir layihənin icrasına başlanacaq. Hökumət tərəfindən Şirvan şəhərinin su probleminin həllinə 76.3 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Bu kredit Milli Məclisdə təsdiq olunub. Azay Quliyev, etimad göstərilərsə gələcəkdə görüləcək işlərdən də danışıb. O, regional TV-nin və region üçün əhəmiyyətli olan universitetin açılması məsələlərini artıq reallığa çevrildiyini seçicilərinin diqqətinə çatdırıb.
Sonra seçicilər adi sosial problemlərlə bağlı məsələləri namizədlə müzakirə ediblər.
Onu qeyd etməliyik ki, şikayətlər dinləməkdən çox polemikaya çevrilən bu görüş hacıqəhrəmanlıların qərarlarının qətiləşdirməsinə təkan olub. Əminliklə söyləmək olar ki, Azay Quliyev növbəti qələbəsinə doğru daha bir addım atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB