Siyavuş Novruzov: “Müxalifətin bəzi namizədləri Rusiyada, Türkiyədə alver edirlər və xəbərləri yoxdur ki, deputatlığa namizəddirlər” - MÜNASİBƏT
"Müxalifət istər imzatoplama kampaniyasında, istər namizədliyin irəli sürülməsi dövründə mütəmadi şəkildə qanunvericiliyi pozub". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində partiyanın icra katibinin müavini Siyavuş Novruzov deyib. Siyavuş Novruzov müxalifətin mütəmadi şəkildə qanunvericiliyi pozmasını bir neçə səbəblə izah edib: "Birincisi, onlar qanundan xəbərdar deyillər, qanunları bilmirlər. Bundan başqa, ortada xoş olmayan məqsəd var. Çünki onlar imza toplaya bilmirdilər və qəsdən qanunu pozurdular ki, onların namizədlikləri ləğv olunsun. Və ya təbliğat kampaniyasını vaxtından əvvəl başladılar. Bir sıra dairələrdə bu məsələlərlə bağlı məlumatlar toplanıb və MSK-ya təqdim olunub. Ümumilikdə, müxaliflər seçki prosesinə kölgə salmaqdan ötrü müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Güman edirəm ki, onların qeydə alınan namizədləri də eyni durumdadır".
S. Novruzov həmçinin müxalifət namizədlərinin əksəriyyətinin imza vərəqələrini qanunla müəyyən olunmuş vaxt bitəndən sonra DSK-lara gətirdiklərini qeyd edib. Onun sözlərinə görə, müxalifətin imzatoplama kampaniyasında neqativ halların baş verməsi, onlara qarşı təzyiqlərin olması ilə bağlı yaydığı informasiyalar heç bir həqiqəti özündə əks etdirmir: "Müxalifət namizədlərinin əksəriyyəti imza vərəqələrini qanunla müəyyən olunmuş vaxt bitəndən bir saat, iki saat sonra gətiriblər DSK-lara, sonra da başlayırlar yalandan səs-küy salmağa. Məlum olduğu kimi həmin vaxt oktyabrın 8-də, saat 18-00-da bitib. Halbuki, onlar heç imza toplaya bilməyiblər. Vətəndaş eşidəndə ki, bunlar kimdir, nəçidir, onları dəstəkləmir, imza vermir. Müxalifətin namizədləri var ki, bu gün Rusiyada, Türkiyədə alver edirlər, heç özlərinin də xəbərləri yoxdur ki, deputatlığa namizəd olaraq irəli sürülüblər. Hətta bəzi DSK-lar uzun müddət bu namizədləri axtardı ki, niyə gəlib imza vərəqələri götürmürlər. Bu cür faktlar mövcuddur. Belə halları ört-basdır etmək üçün imzatoplama kampaniyasında guya neqativ halların baş verməsi, onlara qarşı təzyiqlərin olması ilə bağlı yalan informasiyalar yayıblar. Əslində isə bütün araşdırmalar aparılıb və məlum olub ki, onların dedikləri yalandır. Elan etmişik ki, biz hər bir dairədə YAP-ın namizədinə qarşı alternativin olmasını arzulayırıq. Müxalifətin namizədləri isə əlindən heç bir iş gəlməyən insanlardır. Ona görə də, insanlar onlara imza verməkdən imtina ediblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB