Azərbaycanda bu ilin 9 ayında 723 piyadavurma hadisəsi nəticəsində 228 piyada həlak olub, 558-i yaralanıb
Bu ilin 9 ayı ərzində Azərbaycanda 1906 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, nəticədə 640 nəfər dünyasını dəyişib, 1990 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 69 (3,5 %), qəza nəticəsində ölənlər 2 nəfər (0,3%), yaralananların sayı isə 114 nəfər (5,4 %) azalıb. Cari ilin 9 ayı ərzində Bakı şəhərində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 247 ölüb, 745 nəfər isə yaralanıb. 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı uyğun olaraq 71 (8,6 %) və 113 (13,2 %) azalıb, ölənlərin sayı isə 11 (4,7 %) artıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 93,7 %-i (1786) sürücülərin Yol Hərəkəti Qaydalarını pozmaları, o cümlədən 42,8 %-i (816) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 23,7 %-i (452) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8 %-i (154) yolayrıcılarını keçmə qaydalarının pozulması, 2,5 %-i (47) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.
Yol nəqliyyat hadisələrinin 37,9 %-ni (723) piyadaların vurulması təşkil edib, nəticədə 228 piyada həlak olub, 558-i yaralanıb. Respublika üzrə qeydə alınmış yol nəqliyyat hadisələri nəticəsində 50 nəfər uşaq və yeniyetmə ölüb, 197 nəfər yaralanıb.
Ümumilikdə isə baş vermiş qəzalar nəticəsində dünyasını dəyişən 640 nəfərdən 517-i kişilər, 123-ü qadınlar, xəsarət almış 1990 nəfərdən isə 1480-ni kişilər, 510-nu qadınlar olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB