“Azərbaycan XIII İslam Zirvə Görüşünü keçirməyə hazırdır”

“Azərbaycan XIII İslam Zirvə Görüşünü keçirməyə hazırdır”

Cari ilin 17 Oktyabr tarixində Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı Səfirliyi tərəfindən İKT Baş Katibliyinin yerləşdiyi Səudiyyə Ərəbistanının Ciddə şəhərində xarici işlər nazirinin müavini Vaqif Sadıqovun başçılıq etdiyi Xarici İşlər Nazirliyinin nümayəndə heyətinin, İKT Baş Katibi E.İhsanoğlunun və İKT-nin digər məsul əməkdaşlarının, habelə İslam İnkişaf Bankının rəhbərliyinin və Ciddə şəhərində akkreditə olan 50-yə yaxın ölkənin Baş konsulluqlarının nümayəndələrinin iştirakı ilə "Azərbaycan XIII İslam Zirvə Görüşünü keçirməyə hazırdır" adı altında təqdimat mərasimi keçirilib.

Azərbaycan Respublikasi Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mərasimi giriş sözü ilə Azərbaycanın Səudiyyə Ərəbistanındakı Fövqəladə və Səlahiyyətli səfiri Tofiq Abdullayev açıb.

Sonra çıxış edən nazir müavini V.Sadıqov Azərbaycan hökuməti, şəxsən Prezident tərəfindən İKT və İKT-yə üzv dövlətlərlə əlaqələrin və hərtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verildiyini, son illər xarici siyasətimizin bu istiqaməti üzrə əldə olunmuş uğurlar, İKT-yə üzv ölkələrin Xarici İşlər Nazirlərinin Bakı şəhərində keçirilmiş 33-cü konfransında qəbul olunmuş qərar və qətnamələrin konfrans üçün tarixi əhəmiyyəti, habelə Heydər Əliyev Fondu ilə İKT arasında əməkdaşlıq, o cümlədən İKT ölkələrinin Turizm, Mədəniyyət və Təhsil nazirlərinin Bakıda müvəffəqiyyətlə keçmiş konfransları barədə məlumat vermiş, eyni zamanda İKT-nin növbəti XIII İslam Zirvə Görüşünün Bakıda keçirilməsi üçün Azərbaycan hökumətinin hazır olduğunu bəyan edib.

Sonda nazir müavini V.Sadıqov Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə İKT çərçivəsində qətnamələrin qəbul olunmasında göstərilən dəstəyə görə qardaş islam ölkələrinə dərin təşəkkürümüzü bildirmiş və bu dəstəyin davam edəcəyinə əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə