ABŞ maliyyə nazirinin müavini Azərbaycana səfərinin məqsədini açıqlayıb
"Bakıda olmağımın məqsədi digər ölkələrin rəsmi şəxsləri ilə qarşılıqlı əlaqələrimiz barədə Azərbaycan rəsmilərini məlumatlandırmaq, onlarla beynəlxalq maliyyə sistemini İranın sui-istifadəsindən müdafiə etmək yönündə birgə işləyə biləcəyimiz yollarla bağlı məsləhətləşmələr aparmaq və BMT Təhlükəsizlik Şurasının İranla bağlı 1929 saylı qətnaməsini icra etməkdən ibarətdir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ABŞ-ın maliyyə nazirinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Levi keçirdiyi brifinqdə deyib. O, qeyd edib ki, səfərində əsas məqsəd ABŞ-ın dünyadakı tərəfdaşlarının İranın qeyri-qanuni fəaliyyətinə və beynəlxalq maliyyə sistemindən sui-istifadə etməsinə dair məsələlərə diqqətini gücləndirməkdir.
Amerikalı diplomatın sözlərinə görə, bu məsələdə rəsmi Vaşınqton ABŞ-la Azərbaycanın maraqlarının eynilik təşkil etdiyinə ümidvardır: "Bu, Azərbaycanın maliyyə sistemini İran tərəfindən törədilən təhlükədən müdafiə etməyə, Azərbaycanın maliyyə sektorunun nüfuzunun qorunub saxlanmasına və nəticə etibarı ilə bura investisiyaların cəlb edilməsinə kömək edir. Biz bu günə qədər görülmüş tədbirlərin gücü və BMT sanksiyalarının qəti icrası arxasında artmaqda olan beynəlxalq konsensusla İran rəhbərlərinin hesablamalarına təsir etmək və diplomatik variantlarımızı gücləndirmək yolunda bizə lazım olan vasitə yaratmaqdayıq. Bizim son məqsədimiz məsələnin sülh yolu ilə həllinə nail olmaqdır".
Azərbaycanın ABŞ-ın mühüm və strateji tərəfdaşı olduğunu deyən S. Levi İrandan gələn təhlükənin Azərbaycana da təsir edəcəyini bildirib: "Bu, ötən ay Nyu-Yorkda Barak Obama və İlham Əliyevin görüşündə də qeyd olunub. Mənim bugünkü səfərim iki xalq arasında geniş və davamlı dialoqa əsaslanır. Bildirmək istəyirəm ki, BMT və qlobal icma, o cümlədən ABŞ, Avropa Birliyi, Avstraliya, Kanada, Norveç, Cənubi Koreya və Yaponiya tərəfindən İrana qarşı çox ciddi sanksiyalar tətbiq olunub, beynəlxalq icmanın qərarı ilə həmrəylik nümayiş etdirilib. İrandan gələn təhlükə təkcə Azərbaycan və region üçün deyil, bütün dünya üçün təhdiddir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB