“Azərkimya” ağacəkmə aksiyasına yenidən start verib

“Azərkimya” ağacəkmə aksiyasına yenidən start verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin "Ekologiya ili" elan olunması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrində, o cümlədən "Azərikimya" İstehsalat Birliyində aparılan yaşıllaşdırma işlərinin daha geniş vüsət almasına təkan verib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, birliyin çoxminli kollektivi ətraf mühitin mühafizəsi, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində ölkəmizdə aparılan işlərə xüsusi bir fəallıqla qoşularaq, ekoloji baxımdan mühüm olan bu məsələlərə diqqəti daha da artırıb. Payız mövsümünün başlanması ilə əlaqədar Birliyin idarə və müəssisələrində ağacəkmə aksiyasına yenidən start verilib və oktyabrın əvvəlindən etibarən Abşeron yarımadasının sərt iqliminə dözümlü olan 1000-ə yaxın müxtəlif növ ağac və tinglər əkilib.

Qeyd edək ki, bahar mövsümündə aparılan yaşıllaşdırma tədbirləri zamanı kimyaçılar tərəfindən Birliyin istehsal sahələrində və ətraf ərazilərdə 18 mindən artıq ağac əkilib. Kimyaçılar Sumqayıtın sənaye zonasında ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə vaxtaşırı iməciliklər keçirir, əkilib ağac və gül kollarına aqrotexniki xidmət göstərirlər.

Cari ilin payız mövsümündə "Azərikimya" İB-nin əməkçiləri tərəfindən ümumilikdə 35 min ağacın əkilməsi nəzərdə tutulub. Artıq bu məqsədlə zavodların ərazilərindəki xüsusi zonalarda əkilmək üçün 40 minə yaxın ting yetişdirilib, ağacların əkiləcəyi yerlər təmizlənib, ərazilər abadlaşdırılıb, su xətləri çəkilib, ağacların dibinə vermək üçün təbii gübrə, karbomid və münbit torpaq gətirilib. Birliyin 35 hektar sahəni əhatə edən sənaye zonasında ümumilikdə 75 minə qədər ağac və tingin əkilməsi və gələcəkdə bu ərazilərdə meşə-park salınması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə