Dünya mətbuatından manşetlər

"Guardian": "ABŞ geri çəkilir, İraqda İranın fəallığı artır"

 

İranın Suriya, "Hizbullah" və şiə dünyasının nüfuzlu liderləri ilə keçirdiyi gizli görüşlər İraqda bu ölkənin fəallığının artacağı istiqamətində narahatlıq yaradıb. Bu yaxınlaşmanın İraqı Qərbdən uzaqlaşdıracağı deyilir.

 

"Guardia"nın əldə etdiyi məlumatlara görə, İran İraqın baş naziri Nuri Əl-Maliki ilə şiələrin ən güclü dini liderlərindən biri Muktəda Əl-Sadr arasında bir ittifaqın qurulmasında əhəmiyyətli rol oynayıb. Suriya "Hizbullah" və şiə dini liderləri arasında əldə olunan razılaşmanın nəticəsinə görə, mart ayında keçirilən seçkilərdən bu yana hökumət qura bilməyən Maliki ikinci dövr üçün vəzifəsində qalacaq. "Guardian"a danışan yüksək səviyyəli səlahiyyətlilər İranın sentyabr ayından bu yana gizli danışıqları davam etdirdiyini deyib. Səlahiyyətlilər ABŞ-ın İraqdakı son hərbi qüvvələri geri çəkməsindən sonra İranın bu fürsətdən faydalanmaq üçün hərəkətə keçdiyini ifadə edib.

 

"Dentsche welle": "İnteqrasiya müzakirələri davam etdiyi vaxtda, Almaniya prezidenti Türkiyədə"

 

 Almaniya prezidenti Kristin Vulff bu gün Türkiyədə səfər edir. Bu Almaniya prezidentinin 10 il sonra Türkiyəyə etdiyi ilk səfərdir. Vulffun səfərində müzakirə olunacaq başlıca məsələ isə Almaniyada yaşayan milyonlarla türkün cəmiyyətə inteqrasiyası olacaq. Alman mətbuatının son günlərdə ən çox gündəmdə saxladığı məsələlərdən biri də immiqrantların cəmiyyətə inteqrasiya problemidir. Vulff səfərində Türkiyə parlamentində olacaq ilk Almaniya prezidenti olacaq.

 

Qeyd edək ki, Almaniyanın birləşməsinin ildönümündəki çıxışında prezidentin İslamı "Almaniyanın bir parçası" adlandırması ölkədə geniş müzakirələrə səbəb olub.

 

"CNN": "Fransaya "Əl-Qaidə" hücumu xəbərdarlığı"

 

Fransanın Daxili İşlər naziri Brays Hortefu Səudiyyə Ərəbistanı kəşfiyyat xidməti tərəfindən "Əl-Qaidə"nin Avropanı hədəf ala biləcəyi ilə bağlı xəbərdarlıq edildiyini söyləyib. Nazir təhlükənin real, amma terror aktlarına qarşı hazırlığın ən yüksək səviyyədə olduğunu deyib. O, keçən il ərzində Fransada həyata keçirilməsi nəzərdə tutulan ən az iki terror aktının qarşısının alındığını və 61 adamın həbs olunduğunu diqqətə çatdırıb.

 

"AFP": "İsrail "Mavi Mərmərə" basqınının şahidi olan türkləri istintaqa çağırıb"

 

Qəzzaya humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə 31 May 2010-cu il tarixində İsrail hərbi qüvvələri tərəfindən edilən qanlı basqını araşdıran İsrail komissiyası hadisənin şahidləri olan türkləri ifadə verməyə dəvət edib. Turkel Komissiyasının mətbuat katibi Ofer Lefher Türkiyə səfirliyinə bir məktub göndərdiklərini və hadisənin şahidi olan türk vətəndaşlarının ifadə vermək üçün İsrailə çağırdıqlarını bildirib. Lefher 9 Türkiyə vətəndaşının öldürüldüyü "Mavi Mərmərə" gəmisinin kapitanına edilən təklifin indiyə kimi cavabsız qaldığını söyləyib.

 

Dörd ekspertdən ibarət Turkel Komissiyanının apardığı istintaq yardım donanmasına edilən hücumun qanuni olub-olmadığını və İsrailin Qəzzaya tətbiq etdiyi dəniz mühasirəsini tətbiq üsullarını araşdırır. İki müşahidəçinin izlədiyi istintaqın nəticələri Birləşmiş Millətlər Təşkilatına təqdim olunacaq. Lefher İsrail Baş Qərargah rəisi Gabi Aşkenazinin 24 Oktyabrda ifadə vermək üçün Komissiyaya çağırıldığını da qeyd edib.

 

"Haaretz": "İsraildən "Həmas"a döyüş xəbərdarlığı"

 

İsrail Baş Qərargahında olan yüksək səviyyəli hərbi səlahiyyətlilərdən biri İsrail əsgərlərini qaçırmaq üçün müxtəlif planlar düşünən "Həmas"a ağır bir xəbərdarlıq edib. Səlahiyyətli Qəzza zolağında bir İsrail əsgərinin qaçırılması halında yeni bir müharibənin yaşanacağını söyləyib. O, qarşıdakı illərdə İsrail ordusu ilə "Həmas" arasında daha az qarşıdurma olacağını və təşkilatla qarşıdurmaların Qəzza zolağına keçməməsinə diqqət yetirəcəyini ifadə edib.

 

İran və Suriyanın yardım etdiyi "Həmas"ın yarı hərbi güc halına gəldiyini və artıq terrorçu təşkilat anlayışından uzaqlaşmağa başladığını qeyd edən İsrail hərbçisi buna baxmayaraq, İsrail ordusunun hərbi quruluşlu təşkilatlara qarşı daha avantajlı olduğunu və "Həmas"ın böyük təşkilatlara sahib xüsusiyyətlərə sahib olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə