Çexiya mətbuatında Azərbaycanla bağlı silsilə məqalələr nəşr edilib

Çexiya mətbuatında Azərbaycanla bağlı silsilə məqalələr nəşr edilib

Çexiya mətbuatında son həftə ərzində Azərbaycanın təbliğatına yönəldilmiş silsilə məqalələr nəşr edilib və ölkəmizin iqtisadiyyatı, mədəniyyəti, turizm sahəsi və zəngin mətbəxi haqqında məlumatlar təqdim olunub.

Azərbaycanın Çexiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yerli mətbuatda yer alan məlumat sırasında xüsusilə Gəncə avtomobil zavodu ilə Çexiyanın “Tatra” şirkəti arasında dekabrın 18-də əldə edilmiş razılığa diqqət çəkilib. Bildirilib ki, Azərbaycanda “Tatra” yük maşınları 2018-ci ildən istehsal ediləcək.

Çexiya KİV-rində habelə Azərbaycanın turizm imkanları haqqında məlumat verilir, çex turistləri üçün ölkəmizin ekzotik və baha olmayan yeni turizm istiqaməti olduğu bildirilib. “Qafqazın Parisi” adlandırılan Bakının möhtəşəm binaları və geniş bulvarı ilə diqqət çəkdiyi vurğulanıb və ölkəmizin digər görməli yerləri haqqında məlumat yer alıb. Azərbaycanın Çexiya ilə tarixi və mədəni baxımdan oxşarlığına toxunularaq, hazırda ölkələr arasında xüsusilə iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Çexiyanın enerji ehtiyaclarının mühüm hissəsinin Azərbaycanın hesabına təmin olunduğu qeyd edilib.

Dərc edilən məqalələr arasında Azərbaycanın zəngin mətbəxi də diqqətdən kənarda qalmayıb. Azərbaycanın milli xörəkləri olan dolma, plov, kabab və digər təamlar haqqında məlumat verilib, onların hazırlanma qaydası təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə