Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) konqres zalında YAP Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığı ilə milli debat proqramı çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş “Debat turniri” layihəsinin yekun tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov YAP-ın 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib: "YAP-ın tarixi zərurətdən yaranan partiya ollduğunu deyən S.Novruzov bildirib ki, gənclərimiz partiyanın gələcəyidir. YAP-da bütün təbəqələrin nümayəndələri təmsil olunurlar. O cümlədən partiyamızda yaşlı və gənc nəslin vəhdəti var".
YAP İcra katibinin müavini 2017-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyib: “Başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün uğurlu oldu. Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan böyük nailiyyətlər qazanıb. Bu ilə ərzində ölkəmiz üçün bir sıra əlamətdar hadisələr baş verdi. Bunların sırasında “Əsrin müqaviləsi”nin uzadılmasına dair sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir. Çünki hər iki hadisə Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Bu layihələr ölkəmizin təhlükəsizliyinin daha da güclənməsi, qüdrətlənməsi və müstəqilliyimizin əbədiliyinin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə ki, bütün bunlar ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nəticələridir. Bütövlükdə, 2017-ci il Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından uğurlu il oldu”.
YAP Gənclər Birliyinin önəmli layihələr həyata keçirdiyini deyən S.Novruzov qeyd edib ki, bu layihələr bütövlükdə ölkə gəncləri tərəfindən maraqla qarşılanır: "“Debat turniri” də məhz belə layihələrdəndir. Bu gün ölkəmizdə yüksək intellektli gənclər yetişib ki, onların da mütləq əksəriyyəti partiyamızın sıralarında birləşib".
BANM-nin rektoru Elmar Qasımov isə turnirin əhəmiyyətindən, eləcə də cənab Prezident İlham Əliyevin gəncliyin inkişafına verdiyi töhfələrdən danışıb: "Rəhbəri olduğum Ali Məktəb hər bir tələbəsinə həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni uğurlar əldə etməyə hər zaman dəstək olur. Azərbaycanın intellektual gəncliyinin məhz BANM-də təhsil almağa üstünlük verməsi çox qürurverici və Ali Məktəb üçün mühüm hadisədir. Tələbələrə müvəffəqiyyət, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini tövsiyə edrəm".
Rəsmi hissədən sonra turnirin final mərhələsinə vəsiqə qazanmış Səbail və Yasamal rayonlarını təmsil edən komandalar debatlar aparıb. Yekunda qalib və finalçı komanda üzvləri, o cümlədən ən yaxşı natiqlər, hakim və məşqçi mükafatlandırılıb.
Tədbirin sonunda YAP Gənclər Birliyi və DVC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi birgə əməkaşlıq çərçivəsində gənclərin inkişafını təmin etmək, ictimai debatlar təşkil edərək Bakı şəhəri və regionlarda yaşayan gənclərin dünyagörüşü və biliklərinin artırılması istiqamətində yeni layihələrə imza atmaqdır.
Xatırladaq ki, dekabr ayının ilk həftəsində YAP Gənclər Birliyinin Bakı şəhəri üzrə müxtəlif nümayəndəliklərinə üzv olan gənclərə debat təlimləri keçirilib, komandalar formalaşdırılıb. Məşq prosesində fəal iştirak edən debatçı gənclər dekabrın 16 və 17-i keçirilmiş qrup və play-off mərhələsində iştirak edərək “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debatlar aparıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB