Ana Vətən Partiyası: “Seçkilərdə iştirak etmək istəyənlər üçün bərabər imkanlar və şərait yaradılıb”

Ana Vətən Partiyası: “Seçkilərdə iştirak etmək istəyənlər üçün bərabər imkanlar və şərait yaradılıb”

Artıq 7 Noyabr 2010-cu ildə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin ilkin mərhələsi başa çatıb. SİA-nın məlumatına görə, bunula bağlı Ana Vətən Partiyası bəyanatında qeyd olunur ki, rayon və şəhər seçki qərargahlarının, namizədlərimizin, səlahiyyətli nümayəndələrimizin və çoxsaylı müşahidəçilərimizin verdikləri məlumatları əsas tutaraq, seçkinin birinci mərhələsi Azərbaycan Respublikası Seçki Məcəlləsinə və beynəlxalq standartlara tam uyğun keçmiş, seçkilərdə iştirak etmək istəyənlər üçün bərabər imkanlar və şərait yaradılıb.

Seçkilərə çoxsaylı bitərəf namizədlərin və 30-dan çox partiyanın qatılması bunu bir daha sübut edir. Ana Vətən Partiyası Ali Məclisinin 7 Sentyabr 2010-cu il tarixli qərarı ilə 18 nəfərin namizədliyi irəli sürülüb. Seçkilərin ilkin mərhələsinin yekunlarına görə, partiyanın 8 namizədi qeydə alınmış, bir nəfər cərrahiyyə əməliyyatı olunduğu üçün seçkilərdə iştirak etməmiş, 9 nəfər isə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin lehinə seçkilərdə iştirak etməkdən imtina edib.

Ana Vətən Partiyası əmindir ki, seçkinin sonrakı mərhələlərində də demokratik şərait hökm sürəcək, seçkilər beynəlxalq norma və prinsiplərə uyğun, Seçki Məcəlləsinin tələblərinə əməl olunmaqla azad və ədalətli şəkildə keçiriləcək, seçkinin nəticələri xalqımızın siyasi iradəsini əks etdirəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə