Bahar Muradova: "Ermənistanın təcavüzkar siyasəti ucbatından Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki keçirə bilmirik"

Bahar Muradova: "Ermənistanın təcavüzkar siyasəti ucbatından Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki keçirə bilmirik"

ATƏT PA-nın üzvləri Bakıda seçkiqabağı prosesi müşahidə edir. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan müşahidəçi missiyanın üzvləri ilə görüşüb. Vitse-spiker ATƏT-in dəyərlərinin Azərbaycanda bərqərar olunması üçün çalışdıqlarını bildirib: "Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bununla yanaşı ölkəmiz ATƏT-in dəyərlərinin Azərbaycanda bərqərar olunması istiqamətində ciddi səylərini davam etdirir".

Bahar Muradova qarşıdakı parlament seçkilərinin demokratik və şəffaf keçirilməsinin Milli Məclisin vəzifəsi olduğunu missiya üzvlərinin nəzərinə çatdırıb: "Xalqımızın müstəqil dövlət və demokratik cəmiyyət qurmaq kimi çoxəsrlik arzusunu reallaşdıran müasir Azərbaycan dövlətinin iqtisadi nailiyyətləri göz qabağındadır. Lakin ölkəmiz iqtisadi inkişafla paralel demokratiyanın möhkəmlənməsinə də xüsusi önəm verir. Bu baxımdan qarşıdakı parlament seçkilərinin azad, ədalətli, şəffaf keçirilməsi, vətəndaşların öz iradəsini sərbəst surətdə ifadə etməsinə şərait yaradılması əsas vəzifəmizdir". Millət vəkili qonaqlara seçki prosesinin gedişi barədə ətraflı məlumat verərək qeyd edib ki, noyabrın 7-də keçiriləcək parlament seçkilərinə namizədlərin qeydə alınması başa çatıb və hazırda təbliğat-təşviqat kampaniyasına start verilib.

Daha sonra Bahar Muradova məcburi köçkünlərin seçkidə iştirakı məsələsinə aydınlıq gətirib: "İşğal olunmuş Azərbaycan torpaqlarından didərgin düşmüş soydaşlarımız yerləşdikləri bölgələrdə səsvermədə iştirak edirlər. Lakin Dağlıq Qarabağda məskunlaşmış erməni əsilli Azərbaycan vətəndaşları seçkidən kənarda qalır".

İşğal olunmuş ərazilərdə seçki keçirə bilməyəcəklərini təəssüflə dilə gətirən vitse-spiker bununla bağlı Ermənistanı günahlandırıb: "Çox təəssüflər olsun ki, Ermənistanın işğalı ucbatından Azərbaycanın Dağlıq Qarabağ bölgəsində seçki keçirə bilmirik. Bütün bunların səbəbi isə Ermənistanın təcavüzkar siyasəti və Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdləridir".

Görüşdə ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanda parlament seçkiləri üzrə ATƏT-in müşahidəçi missiyasının rəhbəri Volfqanq Qrossruk ilk olaraq xalqımızın qonaqpərvərliyindən danışdıqdan sonra ölkəmizə edəcəyi hər səfəri səbirsizliklə gözlədiyini bildirib. Azərbaycanın ATƏT-lə əlaqələrindən söz açan missiya rəhbəri Milli Məclisin bu qurumdakı fəaliyyətindən bəhs edərək, çox məhsuldar və səmərəli müzakirələr keçirildiyini vurğulayıb. Bütün bunlarla yanaşı, görüşün sonunda Volqfanq Qrossruk noyabrın 7-də ölkəmizdə azad və ədalətli seçkilərin keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə