Suraxanı rayonu üzrə 3 dairə seçki komissiyasında 150 gənc ilk dəfə səs verəcək

Suraxanı rayonu üzrə 3 dairə seçki komissiyasında 150 gənc ilk dəfə səs verəcək
Q.Abbasov adına Mədəniyyət sarayının iclas salonunda Suraxanı rayonu üzrə noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərdə ilk dəfə iştirak edəcək gənclər üçün seminar təşkil olunub. Bu Barədə SİA-ya Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev, Ombudsman Aparatının əməkdaşı, Suraxanı Qadın İnkişaf Mərkəzinin direktoru Şövkət Xanməmmədova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini A.Yusifov, 32 saylı rayon dairə Seçki Komissiyasının üzvü Sabir Allahverdiyev, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bayramov, gənclər adından Ənvər Haqverdiyev iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fuad Babayev ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri təbrik edib. O, deyib ki, seminarın məqsədi gənclərin Milli Məclisə seçkilərdə fəal iştirakını təmin etməkdir. Bu cür seminarlar təkcə paytaxta deyil, bölgələrdə də keçirilir və gənclər maarifləndirilirlər.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini ilk dəfə seçkilərdə iştirak edəcək tələbələri təbrik edib O, qeyd edib ki, seminarın məqsədi gənclərin noyabrın 7-də keçiriləcək Milli Məclisə seçkilərdə fəal iştirakını təmin etmək idi. Natiq bildirib ki, Suraxanı rayonu üzrə 3 dairə seçki komissiyasında 150 gənc ilk dəfə səs verəcək.

Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bayramov tədbirdə çıxış edərək qeyd edib ki, keçiriləcək seçkilərdə Azərbaycanın seçki hüququ olan hər bir vətəndaşının iştirak etməsi vacibdir, çünki bu onun vətəndaşlıq borcudur.

Daha sonra 32 saylı Suraxanı Dairə Seçki Komissiyasının üzvü Sabir Allahverdiyev gəncləri maraqlandıran sualları cavablandırıb. Tədbirdə "Azərbaycan Parlamenti tarixi", "Milli Məclisə seçkilərin keçirilməsinin qanunverici əsasları", "Vətəndaşların seçki hüquqları", "Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirak etməsinin yeri və rolu", "Seçki günü səsvermə proseduru və qaydaları" mövzusunda məruzələr dinlənilib.

Sonra tələbələrə Gənclər və İdman Nazirliyi tərəfindən ilk dəfə səs verən gənclər üçün hazırlanan yaddaş kitabçası paylanılıb. Kitabçada Azərbaycan parlamentarizm tarixi, onun formalaşma dövrü, fəaliyyəti, beynəlxalq əlaqələri və Seçki Məcəlləsindən çıxarışlar öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə