"Stressdən yayınmaq, pis vərdişlərdən uzaqlaşmaq və fəal fiziki həyat tərzi sürməklə sağlamlığı müəyyən dərəcədə qorumaq mümkündür"

"Stressdən yayınmaq, pis vərdişlərdən uzaqlaşmaq və fəal fiziki həyat tərzi sürməklə sağlamlığı müəyyən dərəcədə qorumaq mümkündür"
Azərbaycan Dillər Universitetində (ADU) "Gənclər və Sağlam həyat tərzi" və "Bəzi Genetik xəstəliklər və Reproduktiv Sağlamlıq" adlı tədbir keçirilib. Bu barədə SİA-ya ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova məlumat verib. Məlumatda bilidirilib ki, tədbirdə ADU-nun Mülki Müdafiə kafedrasının müdiri, biologiya elmləri namizədi, dosent Sevda Zamanova, adıçəkilən kafedranın baş müəllimi, "Konsilium" elmi-kütləvi tibb jurnalının baş redaktoru Nazim Məmmədov, tibb elmləri doktoru, "Sağlam Nəsil" ictimai birliyinin rəhbəri Nigar Kamilova, həmin kafedranın müəllimi, tibb elmləri namizədi, "Sağlam Nəsil" ictimai birliyinin əməkdaşı Sevinc Məmmədova və ADU-nun 1 saylı İngilis dili fakültəsinin II kurs tələbələri iştirak ediblər.

"Sağlam Nəsil" ictimai birliyinin əməkdaşı Könül Abbasova sağlamlığın sosial rifah və ətraf mühitə olan müsbət və əvəzedilməz rolundan, gələcəyin potensial qüvvəsi olan uşaqların sağlamlığını müəyyən edən amillər və sağlam fərdin təhsil və ictimai həyatda məhsuldar fəaliyyətindən bəhs edən slayd təqdim edib. Tələbələrin sağlamlıq vəziyyətini üzə çıxarmaq üçün müxtəlif treninqlər və məşğələlərin həyata keçirilməsindən söhbət açan K.Abbasova insan sağlamlığına birbaşa təsir edən xarici və daxili faktorların təsirindən söz açıb. O qeyd edib ki, stressdən yayınmaq, pis vərdişlərdən uzaqlaşmaq və fəal fiziki həyat tərzi sürməklə də sağlamlığı müəyyən dərəcədə qorumaq mümkündür.

Tibb elmləri namizədi Sevinc Məmmədova isə genetik xəstəliklərin araşdırılması yollarını, ekoloji cəhətdən narahat olan ərazilər, pis qidalanmanın fərdə göstərdiyi mənfi təsirindən və dünyaya gələcək övladın sağlamlığının bilavasitə ata və ananın sağlamlığı ilə əlaqədar olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb və genetik xəstəliklər haqqında geniş mühazirə edib.

Tibb elmləri doktoru Nigar Kamilova mühazirəsində reproduktiv dövr, dövrün aspektləri və sağlam qızların formalaşması yollarını, Azərbaycanda sonsuzluq probleminin artdığını və iltihabi xəstəliklərin xüsusiyyətlərini qeyd edib. O, tələbələrə təkcə öz sağlamlıqları baxımından deyil, gələcəyin ata-anaları olaraq dünyaya sağlam övlad gətirmələri naminə gigiyenik qaydalara riayət etmələrini, eləcə də mütəmadi tibbi yoxlanışlardan keçmələrini tövsiyə edib.

Tədbir qarşılıqlı sual-cavab şəraitində davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə