Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib

Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçirilib
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılmış Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Vüqar Məhərrəmov və Absələddin Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsinə uzunmüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə müvafiq olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsi və bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Ombudsmanın nümayəndələri müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya və digər obyektlərə baş çəkiblər. Qrupun üzvləri tərəfindən məhkumlar qəbul edilib, onların saxlanma şəraiti öyrənilib. Başçəkmə zamanı müəssisədə məhkumların asudə vaxtının səmərəli təşkili üçün zəngin kitabxananın mövcud olması, məhkumların bir qisminin kitabxanadan istifadə etməsi, müəssisə kollektiv şurası tərəfindən divar qəzetlərinin hazırlanması, burada bilik və voleybol yarışlarının keçirilməsi, stolüstü oyunlar üçün şəraitin yaradılması, musiqi özfəaliyyət kollektivinin təşkil edilməsi müsbət hal kimi qiymətləndirilib. Eyni zamanda, müəssisədə yeməkxana, mətbəx, camaşırxana və hamamın yaxşı vəziyyətdə olduğu müəyyən edilib. Müəssisədə cəza çəkən məhkumlarla söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlara qarşı rəftarından şikayət etməyiblər.

Bununla yanaşı, bəzi məhkumlar tibb hissəsinin işindən narazılıqlarını ifadə ediblər. Onlar bəzi hallarda tibb hissəsinə qəbul edilməklə əlaqədar süründürməçiliyə məruz qaldıqlarını, baş həkim tərəfindən onlara dərman verilməsində çətinliklərlə üzləşdiklərini bildirib. MPM qrupunun monitorinqi zamanı da tibb hissəsi tərəfindən müəssisədə sanitar vəziyyətə nəzarətin zəif aparıldığı müşahidə edilib. Bununla əlaqədar tibb hissəsinin baş həkiminə müvafiq tövsiyələr verilib. Bundan başqa, müəssisənin yataqxanalarında döşəmələrin daşdan olması da aradan qaldırılmasına ehtiyac olan qüsur kimi qiymətləndirilib və müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. Başçəkmə zamanı aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə