Oqtay Əsədov ATƏT Parlament Assambleyası sədrinin müavinini qəbul edib
Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyası sədrinin müavini, qurumun seçkiqabağı müşahidə missiyasının rəhbəri Volfqanq Qrossrukun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 15-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb.
SİA-nın məlumatına görə, O.Əsədov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra demokratik, dünyəvi və sivil dövlət quruculuğu istiqamətində mühüm addımlar atıb. Avropa dəyərlərinin mənimsənilməsi və Avratlantik məkana inteqrasiya dövlətimizin xarici siyasətinin əsas istiqamətlərindəndir. Bu gün biz bütün beynəlxalq təşkilatlar, o cümlədən də ATƏT və onun Parlament Assambleyası ilə səmərəli əməkdaşlıq edirik. Milli Məclisin sədri bildirib ki, demokratik dövlət quruculuğunun şərtlərindən biri də şəffaf, azad seçkilər keçirməkdir. Bu ilin noyabrında dördüncü çağırış Milli Məclisə seçkilər keçiriləcəkdir. Azərbaycan dövləti bu seçkilərin demokratik, şəffaf və azad keçiriləməsi üçün lazım olan bütün normal şəraiti yaradıb. Vətəndaşlar tam sərbəst şəkildə öz seçimlərini edəcəklər. Biz istərdik ki, beynəlxalq müşahidəçilər də bu məsələdə obyektivlik nümayiş etdirsinlər.
Nümayəndə heyətinin rəhbəri, ATƏT PA sədrinin müavini Volfqanq Qrossruk ətraflı məlumata görə minnətdarlıq edib. Azərbaycana ilk dəfə 1990-cı ilin ikinci yarısında gəldiyini xatırlayan qonaq deyib: "Bu, mənim sizin ölkənizə beşinci səfərimdir. Bakıya hər gəlişimdə çox böyük dəyişikliklər görürəm. Azərbaycan bütün sahələrdə çox sürətlə inkişaf edir".
ATƏT PA-nın müşahidə missiyasının rəhbəri noyabrın 7-də keçiriləcək seçkilərin şəffaf, azad və demokratik olacağına əminliyini vurğulayıb.
Sonra görüşdə qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçkilərlə bağlı beynəlxalq və yerli müşahidəçilərin fəaliyyəti, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB